...

YUNESKO-nun baş direktoru Bakıda Müasir İncəsənət Muzeyi ilə tanış olub

Cəmiyyət Materials 29 İyul 2010 18:33 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Müasir İncəsənət Muzeyində olublar.
YUNESKO-nun baş direktoru Bakıda Müasir İncəsənət Muzeyi ilə tanış olub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Müasir İncəsənət Muzeyində olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

YUNESKO-nun baş direktoru İrina Bokova Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib.

Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb.

Bildirilib ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşın əsərləri ilə tanış olub.

YUNESKO-nun baş direktoru muzeydə Mehriban xanım Əliyevanın mayın sonlarında Bakıda keçirilmiş "Qız qalası" Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərə maraqla tamaşa edib.

Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.

Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir.

İrina Bokova muzeyin kitabxanası ilə də tanış olub. Bildirilib ki, burada incəsənət mövzusunda 800-dək kitab toplanıb. Muzeyin kitabxanasından hər kəs abunə yazılmaqla istifadə edə bilər.

Qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

İrina Bokovaya xatirə hədiyyəsi təqdim olunub.

YUNESKO-nun baş direktoru muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək, buradan zəngin təəssüratlarla ayrılıb.

Xəbər lenti

Xəbər lenti