...

Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib

Cəmiyyət Materials 20 Avqust 2010 18:36 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib
Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Hacıyev/

Bu gün Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib.

Trend-in məlumatına görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 3 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

İclasda öncə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun iki mətbu nəşr - "Xural" və "Millətim"lə bağlı müraciətlərinə baxılıb. Komissiya üzvləri həmin yazılarda şərəf və ləyaqətin təhqirinə yönələn fikirlərə, alçaldıcı ifadələrə geniş yer verildiyini "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının nəzərinə çatdırıblar. İclasda "Xural"da oxşarsəpkili yazılara mütəmadi yer verilməsi praktikası etik prinsiplərə ciddi sayğısızlıq kimi dəyərləndirilib. Baş redaktora nəşrin gələcək fəaliyyətində belə halların təkrarlanmamasını tövsiyə edən komissiya tərəfindən "Xural" qəzetinə xəbərdarlıq olunub.

Arifoğlunun "Millətim" qəzeti ilə bağlı şikayətini müzakirə edən komissiya üzvləri "Millətim" qəzetində qarşı tərəflə bağlı gedən yazılarda çoxsaylı açıq söyüş və təhqirlərin yer aldığını müəyyənləşdiriblər. Komissiya qəzetin səhifələrində mütəmadi şəkildə etik prinsiplərə uyğun gəlməyən materialların yer tutduğunu əsas götürərək, "Millətim" qəzetinin adının MŞ-nin "qara siyahı"sına salınması üçün rəy verib.

İclasda Bakı 1 saylı Dəri-Zöhrəvi Dispanserinin "Azad Azərbaycan" qəzetinə qarşı şikayəti də müzakirə edilib. Komissiya qəzet əməkdaşının peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərini və həmin mətbu nəşrdə gedən müvafiq materialı "reket jurnalistika"nın təzahürləri kimi dəyərləndirib. Belə rəyə gəlinib ki, məsələnin daha geniş araşdırılması MŞ-nin "reket jurnalistika"ya qarşı mübarizə komissiyasına həvalə edilsin.

Xəbər lenti

Xəbər lenti