...

Azərbaycanda ilk dəfə Gənc Alimlərin İnnovativ İdeya Yarmarkası keçirilir

Cəmiyyət Materials 19 Noyabr 2010 13:31 (UTC +04:00)
Azərbaycanda Gənc Alimlərin I İnnovativ İdeya Yarmarkası start götürüb.
Azərbaycanda ilk dəfə Gənc Alimlərin İnnovativ İdeya Yarmarkası keçirilir

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Gənc Alimlərin I İnnovativ İdeya Yarmarkası start götürüb.

2010-cu il noyabrın 18-23-də Bakıda keçirilməsi nəzərdə tutulan "Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası" nın əsas istiqamətləri elmi gəncliyin imkanlarının üzə çıxarılması, maraqların gerçəkləşməsi istiqamətində praktiki yardım, elmi tədqiqatçıların aktivliyinin və elmə marağın artırılması, elmdə rəqabət mühitinin formalaşması, eləcə də elmi problemlərin ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu barədə yarmarkanın açılışında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

"Yarmarkanın gedişində gənc alimlər AMEA institutlarında keçirilən araşdırmalarla tanış olacaqlar", - nazir deyib.

Rəhimovun sözlərinə görə, elm hər bir xalqın həyatında önəmli yer tutur və Azərbaycan hökuməti gənclərin elmi fəaliyyətinin stimullaşdırılması üçün bir sıra işlər görür.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bu yarmarkaya 100-dən artıq gənc alimin cəlb edilməsini sevindirici hal hesab edir. "Yarmarkanın keçirilməsi Azərbaycan gənclərinin daha səmərəli fəaliyyət göstərməsinə səbəb olacaq", - Kərimov bildirib. Onun sözlərinə görə, son illərdə Azərbaycanda ölkənin elmi həyatında gənclərin fəallığı hiss olunur.

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açılış mərasimində bildirib ki, bu yarmarka gələcəkdə regional xarakter ala bilər. Onun sözlərinə görə, perspektivdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənc alimlərin forumunun təşkili də mümkündür.

"Azərbaycanda gənclərin fəaliyyətinin stimullaşdırılması prioritet məsələlərdən biridir", - Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova bildirib. O qeyd edib ki, Azərbaycanda təhsil və elm sahəsində yetərincə böyük işlər görülür.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia tədbirdə bildirib ki, onun təmsil etdiyi təşkilat təhsili öz fəaliyyətinin prioritet sahəsi hesab edir. "Aİ insan potensialına kapital qoyuluşuna xüsusi rol ayırır və bu baxımdan Azərbaycana mühüm önəm verir", - Kobia deyib.

"Gənc Alimlərin I İnnovativ İdeya Yarmarkası" noyabrın 23-dək davam edəcək.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar elmi məqalə, tezis və təqdimatla iştirak edərək öz bacarıqlarını nümayiş etdirə biləcəklər.

Tədbirdə "Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı", "Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları", "Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri" mövzularında gənc alim və tədqiqatçıların iştirakı ilə konfranslar keçiriləcək.

"Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları" və "Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması - informasiya mübadiləsi işinin təşkili" mövzuları əsasında da seminarların təşkili nəzərdə tutulub.

Tədbirdə, həmçinin "Bilik iqtisadiyyatına doğru!" - ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsi də keçiriləcək. Görkəmli alimlərdən ibarət münsiflər heyəti tərəfindən yüksək intellekt və bacarıq nümayiş etdirən gənc alimlər qalib seçilərək mükafatlandırılacaqlar.

Beş gün davam edəcək tədbirin sonuncu günü gənc alimlərin "Eko-tur"u təşkil ediləcək və iştirakçılar Bakı şəhərinin Qaradağ rayonundakı palçıq vulkanlarını görmək və açıq havada bu sahə üzrə tədqiqat aparan gənc alimlərin təqdimatı ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkasının rəsmi açılış mərasimi noyabr 19-da saat 11:00-da Gənclər və İdman Nazirliyinin akt zalında (Bakı şəhəri, Olimpiya küçəsi, 4) keçiriləcək.

Xəbər lenti

Xəbər lenti