Azərbaycan, Bakı, 17 dekabr /Trend/
2010-cu il Azərbaycan diasporu üçün əlamətdar hadisələrlə yadda qalıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasəti uğurla həyata keçirilir.
"Diasporla İş üzrə Dövlət Komitəsi 2010-cu ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirib", - İbrahimov əlavə edib.
Komitə sədri Azərbaycan diasporunun təşkilatlanmasından da danışıb. Onun sözlərinə görə, bu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
"2010-cu il aprelin 4-də Türkiyənin Ankara şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Qurultayı keçirilib. Qurultayda təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Qurultayda təşkilatın rəhbər orqanlarına seçkilər keçirilib. 2010-cu il iyunun 5-də isə Stokholmda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı keçirilib. Bu qurumu yaratmaqda məqsəd Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yerli ictimaiyyətə çatdırmaq, Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözməkdir. Oktyabr ayında keçirilən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının birinci qurultayında da quruma üzv olan vilayət, şəhər, rayon təşkilatları sədrlərinin və təftiş komissiyası rəhbərlərinin hesabatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, assosiasiya rəhbərliyinə seçkilər keçirilib.
2010-cu il dekabr ayının 4-5-də Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI Qurultayı keçirilib. Qurultayda Dünya Azərbaycanlıları Konqresinin hesabatı dinlənilib və gələcək iş planı müəyyən olunub, DAK-ın rəhbərliyinə seçkilər keçirilib və qətnamə qəbul edilib", - İbrahimov deyib.
Nazim İbrahimov əlavə edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Dövlət Komitəsinin diqqət yetirdiyi əsas məsələlərdən olub.
"Başa çatmaqda olan 2010-cu ildə Azərbaycan diaspor təşkilatlarının nəzdində yeni kütləvi informasiya vasitələri təsis edilib, eyni zamanda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər görülüb", - o, vurğulayıb.
İbrahimov "20 Yanvar" faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zellandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və digər ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edildiyini də deyib. Əlavə edib ki, ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin edib.
"İslam Konfransı Təşkilatının (İKT) üzvü olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində 2010-cu il ərzində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər həyata keçirilib. Kampaniyada Azərbaycan diaspor təşkilatları da fəal şəkildə iştirak edir", - İbrahimov qeyd edib.
Nazim İbrahimov deyib ki, 2010-cu ilin mart ayında Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın Baş naziri Qordon Braunun rəsmi internet saytında Böyük Britaniya vətəndaşlarını da imzalamağa səsləyən müraciətdə Xocalı qətliamının qınanılmasına çağırışla çıxış edib: "Müraciətdə, həmçinin Ermənistan hökumətindən BMT Təhlükəsiz Şurasının 4 qətnaməsinə uyğun olaraq, suveren Azərbaycan ərazisindən öz ordusunu çıxartmaq tələb edilib. Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın parlamentlərinin klubu olan Erkən Gün Hərəkatı da (EGH) (Early Day Motion (EDM)) Xocalı faciəsi ilə bağlı müzakirələr aparıb. Təşkilat Böyük Britaniya hökumətini Xocalı soyqırımının 17-ci ildönümünü tanımağa, bundan istifadə etməklə yeni beynəlxalq sülh səylərinə başlamağa çağırıb. Müraciəti Böyük Britaniya parlamentinin və Erkən Gün Hərəkatının üzvü olan 32 parlamentari imzayıb", - komitə sədri vurğulayıb.
Onun sölərinə görə, bundan başqa, 2010-cu il fevralın 2-də Çexiyanın Lidise İcra Hakimiyyəti Lidise qəsəbəsində yeni salınan küçələrin birinə Xocalı adı vermək qərarı qəbul edib. Martın 1-də isə Xocalı şəhər İcra Hakimiyyəti ilə "Lidise Xatirə Kompleksi" arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Fevralın 19-da AAKM tərəfindən İnternet vasitəsilə Bundestaqa və Almaniya siyasi partiyalarının fraksiyalarına, ictimai qurumlarına, mətbuat və informasiya vasitələrinə, qeyri-dövlət qurumlarına, diaspor təşkilatlarına, mədəniyyət və elm nümayəndələrinə Xocalı faciəsinin həqiqətlərini əks etdirən müraciət məktubu göndərilib", - İbrahimov qeyd edib.
İbrahimov aprelin 13-də Almaniyanın ARD telekanalında "Aghet" adlı film yayımlandığına görə Almaniyanın bir sıra şəhərlərində Azərbaycan və türk icmaları tərəfindən etiraz aksiyaları keçirildiyini də vurğulayıb. Qondarma "erməni soyqırımı"na həsr olunan bu filmdə ermənilərin bütün dünyaya söylədikləri yalan və uydurmaların gerçək olduğu göstərilib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin bildirdiyinə görə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə 2009-cu il mayın 5-də Tel-Əviv şəhərində "Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda seminar-konfrans keçirilib: "Konfransa Azərbaycan və İsrailin dövlət və hökumət nümayəndələri, parlament üzvləri, Azərbaycan, İsrail, ABŞ, Almaniya, Rusiya, Gürcüstan və Ukraynada fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış politoloqlar, habelə Azərbaycandakı yəhudi icmalarının rəhbərləri də qatılıb. Konfansda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə regiondakı digər münaqişələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində problemlər, region ölkələrinin qarşılıqlı münasibətlərinin inkişaf perspektivləri, sivilizasiyalararası dialoq məsələləri, iştirakçı ölkələrin kütləvi informasiya vasitələri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb", - o, deyib.
Onun sözlərinə görə, konfransın yekunu olaraq, birgə bəyannamə qəbul edilib. Bəyannamədə konfransın ənənəvi xarakter almasının vacibliyi öz əksini tapıb və gələcəkdə bu cür konfransların təşkil edilməsi qərara alınıb. Bəyannamədə, həmçinin Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi, İsrail Xarici İşlər Nazirliyi və iştirakçı ölkələrin nümayəndələrindən ibarət Koordinasiya Şurasının yaradılması qərarı da öz əksini tapıb.
İbrahimov deyib ki, may ayının 13-də "İqdır Qondarma Erməni İddiaları ilə Mübarizə Dərnəyi" 1914-1918-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırım ilə bağlı konfrans keçirib. Konfransda erməni quldurlarının törətdikləri vəhşiliklərlə bağlı müzakirələr aparılıb.
İbrahimov onu da qeyd edib ki, iyunun 3-9-da Berlinin Moviemento kino evində mühacir erməni rejissoru Don Askaryanın "Dağlıq Qarabağ" adlı filminin nümayişi ilə əlaqədar AAKM Moviemento kino evinə etiraz məktubu göndərib. AAKM məktubda belə filmlərin göstərilməsinə etiraz edib, ermənilərin cinayətkar simasını Xocalı faciəsinin faktları ilə açıqlayıb.
İyunun 6-da "Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası" ilə "Kocaeli-Azərbaycan Evi Dərnəyi" "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazda dondurulmuş münaqişələrin dünyada sülhə və təhlükəsizliyə yaratdığı real təhdidlər" mövzusunda elmi-praktik konfrans keçirib.
AAKM iyun ayının 17-də AFR Bundestaqına "Dağlıq-Qarabağda mədəni abidələrin qorunmasına dair" müraciət ünvanlayıb. Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsinin nəticəsi olaraq, bu regionda tarixi baxımdan qiymətli mədəni abidələrin sistematik şəkildə dağıdılması siyasəti yeridilməsindən bəhs edən məktubda, AAKM AFR Bundestaqından milli abidələrin qorunub saxlanılması istiqamətində beynəlxalq normaların dəstəkləməsini xahiş edib.
Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 21-23-də Almaniyaya rəsmi səfəri çərçivəsində Konrad Adenauer Fondunda "Cənubi Qafqazda təhlükəsizlik və inkişaf haqqında: Ermənistanın bu proseslərdə rolu" mövzusunda məruzə ilə çıxışına etiraz olaraq, Azərbaycan diasporu piket təşkil edib.
2010-cu ildə İsveç Parlamentində qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbulu ilə əlaqədar bu ölkədə yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri Stokholm şəhərinin mərkəzi meydanında etiraz aksiyası keçiriblər. Tədbirdə ermənilərin törətdikləri cinayətlər, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, o cümlədən Xocalı soyqırımının tanınması ilə bağlı şüarlar səsləndirilib.
Nazim İbrahimov daha sonra məlumat verib ki, Azərbaycan diaspor təşkilatları Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın qədim mədəniyyətini, zəngin irsini uğurla təbliğ edir, xalqımızın zəngin mədəniyyətini tanıtmaq məqsədilə müxtəlif tədbirlər keçirirlər.
" 2010-cu ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən elmi-praktik konfranslar, simpoziumlar, sərgilər təşkil olunub, filmlər nümayiş etdirilib, yubiley mərasimləri keçirilib. Bu tədbirlərdə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, parlament üzvləri, dövlət rəsmiləri də iştirak edib", - İbrahimov deyib.
Onun sözlərinə görə, 2010-cu ildə 28 may Respublika Günü ilə bağlı Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi bütün ölkələrdə bayram tədbirləri, elmi-praktik konfranslar, konsert proqramları təşkil olunub. Bu tədbirlərdə diplomatlar, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri də fəal iştirak edib.
"Bu il Azərbaycanın dahi bəstəkarı, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim, musiqişünas, alim və pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi də xarici ölkələridəki soydaşlarımızın diqqətindən kənarda qalmayıb, Şərqdə operanın banisi kimi onun özünün və əsərlərinin dünyada daha da geniş tanıdılması məqsədilə bir sıra tədbirlər təşkil edilib", - İbrahimov əlavə edib.
O, qeyd edib ki, 2010-cu ildə Niderland krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi əsasında ölkənin Rabitə Nazirliyi rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markalarını dövriyyəyə buraxıb. Azərbaycanla bağlı həqiqətləri Avropada yaymaqda xüsusi rolu olan Heydər Əliyev Fondu ilə BAK arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşıq fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılmış həftəsonu məktəblərini dərslik və dərs ləvazimatları ilə təmin etməsindən, onlara hərtərəfli qayğı göstərməsindən başlayıb.
İbrahimov onu da deyib ki, 2010-cu ildə Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Ümumrusiya Azərbaycanlıları Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktik konfrans keçirilib. "Məruzələrdə Dədə Qorqudun Dərbənd şəhərində yaşaması, müxtəlif tarixi mənbələrdə, o cümlədən Evliya Çələbi və Adam Olearinin qeydlərində hətta Dədə Qorqudun məzarının Dərbənd şəhərində yerləşməsi haqqında məlumatlar olub", - İbrahimov bildirilib.
Komitə sədri əlavə edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə türk və yəhudi diasporu arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər görüb.
2010-cu ilin yanvarında Bakıda I Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Forumu keçirilib. Forumun QHT seksiyasının iclası Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunub. Toplantıda iki ölkə arasındakı münasibətlərin müasir durumu, Rusiyadakı Azərbaycan diasporunun uğurları və problemləri ilə bağlı geniş müzakirələr aparılıb.
"Fevralın 27-də İstanbulda Türkiyə Hökumətinin Xaricdə yaşayan türklərlə iş üzrə Baş idarəsinin yaradılması ilə əlaqədar toplantı keçirilib. Dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də qatılıblar. Toplantıda Azərbaycandan da rəsmi nümayəndə heyəti iştirak edib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi toplantıda bu idarənin yaradılması haqqında hazırlanmış qanun layihəsinin mahiyyəti barədə məlumat verilib, müzakirələr nəticəsində diaspor nümayəndələrinin də rəy və təklifləri öyrənilib", - İbrahimov deyib.
Mətbuat konfransında bildirilib ki, 2010-cu ildə İsrailə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İsrailin bir sıra rəsmi şəxsləri ilə görüşüb. Mayın 5-də İsrailin turizm naziri Stas Misejnikovla görüşdə iki ölkənin turizm potensialı ətrafında fikir mübadiləsi aparılıb. Misejnikov Azərbaycanın turizm imkanları ilə maraqlanıb, ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Daha bir görüş Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla İsrail Baş nazirinin dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri xanım Naomi Ben-Ami arasında olub. Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlər, hər iki ölkənin KİV-ləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan və yəhudi diapsorları arasında əməkdaşlığın potensialı və perspektivləri və digər aktual mövzular müzakirə olunub. Səfər çərçivəsində DİDK sədri Nazim İbrahimov, həmçinin Parlamentin Beynəlxalq münasibətlər komissiyasının sədri, "İsrail Bizim Evimizdir" partiyasının parlament fraksiyasının rəhbəri Robert İlatovla da görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə olunub. İsrailə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İbrahimov Gürcüstan Parlamentinin vitse-spikeri, professor Paata Davitaya ilə də görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə toxunulub. Görüş zamanı Azərbaycan və Gürcüstanın qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə çatdırılması üçün həmçinin iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. DİDK sədrinin daha bir görüşü isə mayın 6-da İsrailin Xarici İşlər naziri Aviqdor Libermanla olub. Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Dostluq münasibətlərinin inkişafında diaspor təşkilatlarının iştirakı ilə beynəlxalq tədbirlərin, "dəyirmi masa"ların, görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub.
Mayın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Belçika Senatının fəxri prezidenti və indi müstəqil senator olan Ann Mari Lizinlə görüşüb. Qonağa Azərbaycanın sürətli inkişafı, həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli layihələr, ölkəmizin regionda və dünyada möhkəmlənən mövqeyi, eləcə də Azərbaycan diasporunun yaranması, formalaşması, təşkilatlanması barədə ətraflı məlumat verilib. Xanım Lizin qeyd edib ki, onun yaşadığı cəmiyyətdə Azərbaycan haqqında, xüsusilə də Qarabağ həqiqətləri haqqında geniş təbliğat aparılmasına ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin Belçikada daha geniş tanıdılması məqsədilə də layihələr həyata keçirilməsi məqsədəuyğun olardı.
Sentyabrın 16-da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Latviyanın sabiq Prezidenti, BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri xanım Vayra Vike-Freyberqa ilə görüşüb. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional, qlobal və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2010-cu ildə "Azərbaycanın Avropaya İnteqrasiyasında Baltikyanı ölkələrin rolu" və "Aİ ölkələri parlamentlərində Azərbaycanla dostluq qruplarının məşvərət şurasının təşkili" mövzularında konfranslar keçirilib. Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Latviyadakı səfirliyi, Estoniya Parlamenti və Azərbaycan-Estoniya parlament dostluq qrupunun, həmçinin "Aydan" Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycan və Estoniyanın dövlət rəsmiləri, parlament üzvləri, qeyri hökumət təşkilatları və KİV təmsilçiləri iştirak edib. Toplantıda əsasən Aİ ölkələri parlamentlərindəki Azərbaycanla dostluq qruplarının məşvərət şurasının yaradılması məsələsi müzakirə edilib. Tədbir çərçivəsində, həmçinin Baltikyanı dövlətlərin və Azərbaycanın QHT forumları arasında birgə əməkdaşlıq haqqında anlaşma əldə olunub.
2010-cu ildə İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin Başbakanlığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinın dəstəyi ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu keçirilib. 60 ölkədən türk dünyası və diaspor nümayəndələrinin iştirak etdiyi tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycan millət vəkilləri, alimləri və bir neçə ictimai təşkilatın rəhbəri, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri qatılıb. Forumda qəbul olunmuş yekun Qətnaməyə görə, Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dil və ləhcələrində ortaq internet portalı yaradılması nəzərdə tutulub.
Komitə sədri deyib ki, il ərzində azərbaycanlıların hüquq və azadlıqlarının və ictimai-siyasi fəallığın artırılması işinə də xüsusi önəm verilib. "2010-cu ildə azərbaycanlı alim Natiq Atakişiyev Meksikanın inkişafına töhfə vermiş şəxsiyyətlərin sırasına daxil edilib. Belə ki, Meksikanın Milli Miqrasiya İnstitutunun dərc etdiyi "Dünyanın bizə hədiyyə etdiyi 200 meksikalı" adlı kitabda azərbaycanlı fizik, 1994-cü ildən Meksikada yaşayan və çalışan Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyevin həyatı və mühacirət tarixçəsi barədə də məlumat əksini tapıb. Xatırladaq ki, Natiq Atakişiyevin rəhbərlik etdiyi "Latın Amerikası Azərbaycanlıları Assosiasiyası" 2008-ci ilin sonunda fəaliyyətinə başlayıb", - o, vurğulayıb.
İbrahimovun sözlərinə görə, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov millətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi işində, həmçinin məhsuldar təşkilati və ictimai fəaliyyətinə görə Moldova Respublikasının Dövlət mükafatı olan "Gloria Muncii" ordeni ilə təltif edilib.
Buxarestdəki Avropa Nikolae Titulesku Fondunda Rumıniyada təhsil almış azərbaycanlı tədqiqatçıların doktorluq elmi işlərindən ibarət kitabların təqdimat mərasimi keçirilib. Tədbir Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının dəstəyi ilə həyata keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, noyabrın 7-də Frankfurt Əcnəbi Vətəndaşlar Şurasına keçirilmiş seçkilərdə Azərbaycan diasporunun fəal üzvlərindən olan Cümə Məmmədov Şuranın deputatı seçilib. Bu qurum Frankfurtda yaşayan 168 mindən artıq xarici vətəndaşı təmsil edir. 37 deputatdan ibarət Əcnəbi Vətəndaşlar Şurası 5 il müddətinə seçilir. Azərbaycanlı deputat Frankfurt Əcnəbi Vətəndaşlar Şurasında postsovet məkanından təmsil olunan ilk və yeganə şəxsdir.
"2010-cu ildə Riqada "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu" adlı konfrans keçirilib. Konfransda Latviya Parlamentinin deputatları, Azərbaycan və Latviyanın müvafiq dövlət orqanlarının nümayəndələri, diasporumuzun fəalları iştirak edib. Tədbirdə azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası sahəsində qazanılmış uğurlar, bu prosesə Latviya dövlətinin verdiyi dəstək, iki ölkə arasında əməkdaşlığın müasir durumu və perspektivləri müzakirə olunub", - komitə sədri qeyd edib.
İbrahimov onu da bildirib ki, xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ökəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Diaspor quruculuğunda və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır. "Bu mühüm amili nəzərə almaq və onun real həyatda öz təsdiqini tapmasına stimul yaratmaq məqsədilə ötən dövrdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Rusiya Azərbaycan Gəncləri Təşkilatı (RAGT) artıq 3 ildir ki, "Qanın milləti yoxdur" şüarı altında geniş xeyriyyə aksiyası keçirir. Aksiyanın təşəbbüskarı RAGT-nin rəhbəri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır. Xeyriyyə aksiyasının məqsədi onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərməkdir. Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə verilən qan üçün də pul ödənildiyi üçün əldə olunan vəsait N.Bloxin adına Rusiya Elmi Uşaq Onkologiyası və Gematologiyası Mərkəzinin hesabına köçürülür və xəstə uşaqların müalicəsinə sərf olunur. Qeyd edək ki, RAGT Moskvada mütəşəkkil qanvermə aksiyası keçirən ilk təşkilatdır. Bu aksiya müntəzəm olaraq hər ay keçirilir. Moskvada təhsil alan azərbaycanlı tələbələr, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının həkimləri, habelə Azərbaycan gənclərinin nümayəndələri könüllü qan veriblər", - komitə sədri əlavə edib.
DİDK rəhbərinin sözlərinə görə, 2010-cu ilin fevralında Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universiteti (YDU) arasında əldə olunmuş anlaşmaya uyğun olaraq, yeni tədris ilindən etibarən hər il 20 azərbaycanlı gəncin Yaxın Doğu Universitetində ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılıb. Təlim ingilis dilində olan universitetdə azərbaycanlı tələbələr "Turizm və otel idarəçiliyi", "Avropa İttifaqı ilə münasibətlər", "Maliyyə və bank işi", "İqtisadiyyat, idarəetmə, marketinq", "Siyasət elmləri", "Beynəlxalq münasibətlər", "Beynəlxalq menecment", "Qəzetçilik, radio, televiziya və kino" ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər.
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, habelə yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərmək məqsədilə protokolda nəzərdə tutulmuş 20 yerə namizədlərin Gürcüstanda yaşayan və qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən azərbaycanlı gənclər arasından seçilməsini məqsədəuyğun hesab edib. Yaxın Doğu Universitetinin rəhbərliyinin, yerli dövlət və ictimaiyyət nümayəndələrinin, abituriyentlərin valideynlərinin iştirakı ilə keçirilmiş açıq müsahibənin nəticəsi olaraq, 18 nəfər soydaşımız müxtəlif ixtisaslar üzrə universitetə təhsil almaq üçün göndərilib. Dövlət Komitəsi Yaxın Doğu Universitetinə qəbul olunmuş tələbələrin əksəriyyətinin aztəminatlı ailələrdən olduğunu nəzərə alaraq, onların hər birinə 300 ABŞ dolları məbləğində təqaüd verilməsini öhdəsinə götürüb.
Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı olaraq, orada yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha geniş şəkildə məlumatlandırılması və yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə 2010-cu il iyulun 26-dan 31-dək Gürcüstandan 80 nəfər azərbaycanlı tələbənin və gənclər təşkilatının fəallarının Novxanı qəsəbəsindəki "Aquapark" Əyləncə Mərkəzində istirahəti təşkil edilib.
Nazim İbrahimov deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2008-2010-cu illərdə Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycandilli məktəblərin 84-də "Gürcü dili" kursları açılıb. Kurslara ümumilikdə, 1700 şagird cəlb olunub, bunlardan da 510 nəfəri orta məktəb məzunlarıdır. Bundan başqa, 2009-cu ildə Azərbaycan məktəblərini bitirmiş və məhz gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul oluna bilməyən gənclər də həmin kurslara cəlb edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dilini mənimsəməsinə daha yaxşı şərait yaratmaq məqsədilə müvafiq dərsliklərin, əyani vəsaitlərin hazırlanması istiqamətində də tədbirlər həyata keçirib. Belə ki, Dövlət Komitəsinin dəstəyi ilə gürcü dilinin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla "Gürcü dilini öyrənənlər üçün dərslik", "Gürcücə-Azərbaycanca danışıq lüğəti", "Gürcü dilinin qrammatikası" kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair (hər birində 44 ədəd olmaqla) 300 dəst cədvəl hazırlanaraq Azərbaycandilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib. Komitənin dəstəyi ilə 20 min sözdən ibarət iki cildlik "Azərbaycanca-Gürcücə lüğət" nəşr edilib. 2010-cu ildə Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə "Azərbaycanca-Gürcücə qısa dəftərxana və mühasibat terminləri lüğəti", "Azərbaycanca-Gürcücə, Gürcücə-Azərbaycanca danışıq lüğəti", "Azərbaycanca-gürcücə hüquq terminləri lüğəti" (1000 nüsxə) çap edilib.
Təhsil haqqında qanuna uyğun olaraq, Gürcüstanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar, 2009-cu ildə Azərbaycandilli məktəblərdə buraxılış nəzərdə tutulmadığından, Azərbaycan məktəblərində təşkil edilmiş dil kurslarında təhsil alan gənclərin gürcü dilini daha yaxşı mənimsəyə bilməsi üçün iki illik şans yaranıb.
Nazim İbrahimovun verdiyi məlumata görə, gürcü dili kurslarının səmərəli fəaliyyəti nəticəsində ötən müddət ərində azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərinə qəbul faizi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2006-2007-ci tədris ilində Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş azərbaycanlı abuturiyentlərdən 20 nəfər (3 dövlət, 17 özəl), 2007-2008-ci tədris ilində 40 nəfər (19 dövlət, 21 özəl), 2008-2009-cu tədris ilində 245 nəfər (55 dövlət, 190 özəl) tələbə adına layiq görülmüşdürsə, 2010-2011-ci tədris ilində bu rəqəm artaraq 458 nəfər (215 dövlət, 243 özəl) təşkil edib. Qeyd edək ki, bu il Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 nəfər tələbənin 352 nəfəri Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilmiş "Gürcü dili" kurslarının dinləyiciləri olub.
Komitə sədri deyib ki, hesabat ilində Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək məqsədilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin "Region press" qəzeti və "Meydan" jurnalını, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin "Ziya", "Qeyrət" xalq hərəkatının "Qeyrət", Gürcüstan Azərbaycanlıları Konqresinin "Gürcüstan Azərbaycanlıları", Maarif Hüquqi Elmi-Metodiki Maarifləndirmə Mərkəzinin "Maarif" qəzetlərinin nəşrinə dəstək göstərib.
Gürcüstanda fəaliyyət göstərən "Tolerans" İnsan hüquqlarının müdafiəsi ictimai birliyinin bir sıra layihələri Komitə tərəfindən dəstəklənib və uğurla həyata keçirilib. Bu istiqamətdə "Tolerans" İnsan hüquqlarının müdafiəsi ictimai birliyi tərəfindən mart ayında "Kvemo-Kartli regionunda yaşayan yoxsul təbəqədən olan əhalinin hüquqi yardımdan istifadə etmək imkanı" mövzusunda layihə həyata keçirilib. Həmçinin Dövlət Komitəsinin dəstəyi ilə "Tolerans" İnsan hüquqlarının müdafiəsi ictimai birliyi tərəfindən Gürcüstan Konstitusiyasının layihəsi azərbaycan dilinə tərcümə olunub və çap edilib.
2010-cu il mayın 15-də Gürcüstan Azərbaycanlı Gənclərinin I Qurultayı keçirilib. Qurultayda çıxış edən gənclər təşkilatlarının nümayəndələri onları narahat edən problemlərdən danışıb, azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilmiş layihələri təqdir etdiklərini bildiriblər. Çıxışlarda bəzi gənclərin dövlət dilini bilməməsi, dövlət idarəçiliyində soydaşlarımızın məhdud şəkildə təmsil olunması, hüquqi maarifləndirmə sahəsində mövcud çətinliklər, insan hüquqlarının pozulması halları ilə bağlı bir sıra problemlərə toxunulub. Çıxış edənlər Gürcüstan Azərbaycanlı Gənclərinin I Qurultayının çağırılmasını mühüm tarixi hadisə kimi qiymətləndiriblər. Qurultayda Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı təsis edilib. Toplantıda Gürcüstan Azərbaycanlı Gənclərinin I Qurultayının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixail Saakaşviliyə müraciətlər qəbul edilib.
Gənclərimizin fəallığının artırılması istiqamətində digər ölkələrdə də mühüm işlər görülüb. 2010-cü il aprelin 24-də Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilib. Forumda Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradılıb. Forumda 24 aprelin Ukraynada yaşayan azərbaycanlı gənclərin həmrəylik günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edib.
2010-cu ildə Koreya Respublikasının Xarici Dillər Universitetinin Türk-Azərbaycan dilləri fakültəsində "BUTA Azərbaycan Mədəniyyət Dərnəyi" fəaliyyətə başlayıb. Dərnəkdə BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycanın milli rəqslərini öyrədəcək. BUTA AKTT, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə çatdıracaq. Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə "danışıq dərsləri"nin təşkil olunması da nəzərdə tutulub.
2010-cu il mayın 22-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində RAGT-ın II konfransı keçirilib. Konfrans təşkilatın birillik fəaliyyətinə yekun vurub, onun inkişaf perspektivlərini müəyyən edib. Təşkilatın sədri Leyla xanım Əliyeva tədbiri giriş sözü ilə açaraq deyib ki, real işlər, gerçəkləşdirilmiş ideyalar, əldə edilmiş məqsədlər bunu inamla söyləməyə əsas verir ki, RAGT uğurlu qurumdur. O, qeyd edib ki, təşkilatın bölmələrinin sayı artıq 60-dan çoxdur və regional bölmələr fəallıq baxımından mərkəzdən geri qalmır. Konfransın yekun hissəsində RAGT sədri Leyla Əliyevanın hesabatı əsasında hazırlanmış Qətnamə seksiyalarda müzakirə olunub və yekdilliklə qəbul edilib.
DİDK sədri vurğulayıb ki, 2010-cu il oktyabrın 16-da Moskvadakı "Bakı" kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib. Görüşdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak ediblər. 2010-cu ildə RAGT-nin regional bölməsi tərəfindən Udmurtiyanın İjevsk şəhərindəki 66 nömrəli ümumtəhsil məktəbi bazasında Azərbaycan həftəsonu məktəbi açılıb. Bu məktəbdə Azərbaycan dili və Azərbaycan tarixi fənləri tədris edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq, 2010-cu il noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasınının dövlət və hökumət nümayəndələri, bir sıra xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri qonaq qismində iştirak ediblər. Tədbirdə Azərbaycandan 41, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edib. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş RAGT 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Sədrin sözlərinə görə, 4 paneldən ibarət olan Konqresdə xarici ölkələrdə yaşayan azərbaycanlı həmvətənlərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Toplantıda aparılmış müzakirələr və irəli sürülmüş təkliflər əsasında üç mühüm sənəd - "Dünya Azərbaycanlı Gənclərin I Konqresinin qətnaməsi", "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət" qəbul olunub.
Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə birgə hazırladığı "Virtual həftəsonu məktəbi"nin təqdimatı olub. Qeyd edək ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyətini mənimsəmək imkanı yaradır.( www.virtual-mekteb.az )
2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu dövrdə dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib. Ümumilikdə, dünyanın müxtəlif ölkələrində 370-dən çox diaspor təşkilatı fəaliyyət göstərir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki, indiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan DİDK diaspor təşkilatlarına daha çox yardım etməli, dövlətimizin apardığı xarici və daxili siyasətin məramını onlara daha ətraflı izah etməlidir. 2011-ci ildə Azərbaycan diasporunu gərgin iş gözləyir və gələn il diasporumuzun həyatında çox mühüm hadisələr gözlənilir. Bunlardan ən vacibi Dünya Azərbaycanlılarının III Qurultayıdır. Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsində növbəti qurultayların hər beş ildən bir keçirilməsi nəzərdə tutulub. Tədbirin gələn ilin mart ayında keçirilməsinin planlaşdırıldığını bildirən komitə sədri əlavə edib ki, bununla bağlı dövlət başçısının müvafiq sərəncamı gözlənilir.
II Qurultaydan keçən dövr ərzində Azərbaycan diasporunun həyatında kifayət qədər böyük dəyişikliklərin baş verib. 2006-cı il martın 16-da keçirilmiş II Qurultayda qəbul olunmuş qərarlar diasporumuzun tarixində yeni mərhələnin əsasını qoyub. Tədbir azərbaycançılıq ideologiyasının ictimai statusundan, siyasi baxışlarından, əqidə və dünyagörüşündən asılı olmayaraq, bütün azərbaycanlıları öz ətrafında birləşdirən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu göstərib. Nazim İbrahimov vurğulayıb ki, qurultay diasporumuzun həyatında ən vacib, ali hadisələrdən biridir. Çünki bu tədbir dünyada yaşayan azərbaycanlılarının növbəti 5 il üçün fəaliyyətinin əsas istiqamətlərini, strategiyasını, iş prinsiplərini və perspektivlərini müəyyən edir. Qurultaydan sonrakı növbəti 5 ilin Azərbaycan diasporunun daha da yüksəliş dövrü olacağı gözlənilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri jurnalistlərin gənclərin diaspor işində fəallığına dair sualını cavablandırarkən bildirib ki, son vaxtlarda gənclərimiz diaspor həyatında çox fəal iştirak edirlər. Buna misal olaraq, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi RAGT-ni, Tale Heydərovun başçılıq etdiyi Avropa Azərbaycan Cəmiyyəti (AAC) və digərlərini göstərmək olar. RAGT bütün dünyadakı Azərbaycan gənclərinin fəaliyyətinə örnək ola bilər. Bu qurumun çox qısa zamanda təşkilatlanması, geniş miqyasda işlər görməsi digər ölkələrdəki Azərbaycan gənclərini daha fəal işləməyə çağırır və müxtəlif ölkələrdə gənclər artıq diaspor hərəkatına çox ciddi və aktiv şəkildə qoşulurlar. Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərin I Konqresinin təşkilini bu fəallığa misal çəkən Nazim İbrahimov əlavə edib ki, toplantıda Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya еdilməsi məqsədilə Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması ideyası irəlü sürülüb və Birliyin təşəbbüs qrupu yaradılıb. 2011-ci ildə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis konfransı keçiriləcək. Nazim İbrahimov belə deyib. O, konqresin nəticələrini yüksək dəyərləndirdiyini və tədbirə qatılan gənclər haqqında yüksək təəssüratlara malik olduğunu vurğulayıb: "Sizi əmin edirəm ki, Azərbaycan diasporunun gələcəyi həqiqətən də çox uğurlu və işıqlıdır. Konqresə toplaşan gənclərin fikirlərindən, çıxışlarından, göstərdikləri intuziazmdan gəldiyim qənaətə əsasən söyləyə bilirəm ki, Azərbaycan gəncliyi həqiqətən də gələcəkdə ölkəmizin reallıqlarını dünyaya çatdırmaqda çox böyük işlər görəcək".
Son günlər Rusiya paytaxtında baş verən iğtişaşlara münasibət bildirən DİDK sədri qeyd edib ki, Dövlət Komitəsi bununla bağlı ciddi işlər görür və artıq qurumun 2 əməkdaşı Moskvaya ezam olunub. Həmçinin yerli diaspor təşkilatları da bu məsələdə kifayət qədər fəallıq göstərirlər. "Hazırda Moskvadakı qarşıdurmalarla bağlı təhqiqat aparılır və mən inanmıram ki, bu hadisələr böyük fəlakətə gətirib çıxarsın", - İbrahimov deyib. O, güman edir ki, Moskvadakı bu durum qısa müddətdə öz həllini tapacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti, digər türk dövlətlərinin diasporları ilə qarşılıqlı əməkdaşlıq, türk birliyinin möhkəmləndirilməsi və s. məsələlərdən də danışıb.Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir
http://az.trend.az/news/society/1798627.html
http://az.trend.az/news/society/1797757.html
http://az.trend.az/news/society/1797371.html
http://az.trend.az/news/society/1797112.html
http://az.trend.az/news/society/1796466.html
http://az.trend.az/news/society/1792819.html
http://az.trend.az/news/society/1792399.html
http://az.trend.az/news/society/1791727.html
http://az.trend.az/news/politics/1790948.html
http://az.trend.az/news/politics/1790940.html
http://az.trend.az/news/society/1789601.html
http://az.trend.az/news/politics/1789658.html
http://az.trend.az/news/society/1789485.html
http://az.trend.az/news/society/1789065.html
http://az.trend.az/news/society/1788841.html
http://az.trend.az/news/society/1788636.html
http://az.trend.az/news/society/1787633.html
http://az.trend.az/news/society/1787048.html
http://az.trend.az/news/politics/1786989.html
http://az.trend.az/news/society/1786099.html
http://az.trend.az/news/politics/1786011.html
http://az.trend.az/news/society/1785422.html
http://az.trend.az/news/society/1785378.html
http://az.trend.az/news/politics/1785342.html
http://az.trend.az/news/society/1784463.html
http://az.trend.az/news/society/1784555.html
http://az.trend.az/news/society/1783636.html
http://az.trend.az/news/society/1782698.html
http://az.trend.az/news/society/1780194.html
http://az.trend.az/news/karabakh/1780129.html
http://az.trend.az/news/society/1780114.html
http://az.trend.az/news/politics/1779698.html
http://az.trend.az/capital/energy/1779708.html
http://az.trend.az/news/society/1775315.html
http://az.trend.az/news/karabakh/1771475.html
http://az.trend.az/news/society/1771449.html
http://az.trend.az/news/politics/1771264.html
http://az.trend.az/news/politics/1771281.html
http://az.trend.az/news/society/1770126.html
http://az.trend.az/news/society/1769966.html
http://az.trend.az/news/politics/1768183.html
http://az.trend.az/news/karabakh/1763854.html
http://az.trend.az/news/society/1767513.html
http://az.trend.az/news/society/1767208.html
http://az.trend.az/news/society/diaspora/1766801.html
http://az.trend.az/news/society/diaspora/1764515.html
http://az.trend.az/news/society/diaspora/1764255.html
http://az.trend.az/news/society/diaspora/1763034.html
http://az.trend.az/news/society/diaspora/1763005.html
http://az.trend.az/news/society/diaspora/1762913.html
http://az.trend.az/news/society/diaspora/1761223.html
http://az.trend.az/news/society/diaspora/1760042.html
http://az.trend.az/news/society/diaspora/1759567.html
http://az.trend.az/news/society/diaspora/1760841.html
http://az.trend.az/news/society/diaspora/1751056.html
http://az.trend.az/news/society/diaspora/1753599.html
http://az.trend.az/news/society/diaspora/1755854.html