Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2011-ci il üçün maliyyə yardımı alacaq qəzetlərin siyahısını açıqlayıb. Trend-in KİVDF-nin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Fondun müşahidə şurasının cümə axşamı keçirilən iclasında qəbul olunub.
Yardım vəsaiti ayrılarkən qəzetin dövriliyi, tirajı və yayım faizi nəzərə alınıb. Bu şərtlərə uyğun olaraq dövriliyi həftədə beş dəfədən az olmayan, tirajı üç min nüsxə və yuxarı olan, gündəlik yayımı min beş yüz nüsxədən çox olan qəzetlərə ən yüksək maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Şərtlərə əsasən gələn il üçün ən çox maliyyə vəsaiti "Kaspi", "Mövqe", "Səs", "Yeni Müsavat" və "Yeni Azərbaycan" qəzetlərinə (hər birinə 40.000 manat) ayrılması nəzərdə tutulub. Digər qəzetlərə isə müvafiq olaraq 30 min, 25 min, 20 min, 10 min, 6 min və 5 min manat məbləğində vəsait ayrılacaq. Ümumilikdə 23 qəzetə maliyyə vəsaiti ayrılması qərara alınıb.