Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin Yasamal rayon Qaz İstismarı İdarəsinin vəzifəli şəxsi rüşvət aldığı üçün həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Allahverdiyev Əbülfət Müzəffər oğlu "Azəriqaz"ın Yasamal rayon Qaz İstismarı İdarəsinin sənaye qrupunun rəhbəri və Yasamal rayon Qaz İstismarı Sahəsinin sənaye obyektləri üzrə xidmət rəisi vəzifəsində işləyərkən Bakı şəhəri, Bunyatzadə küçəsi 2, mənzil 130-da yaşayan Şahnazarov Zakir Rəsul oğlunun faktiki istifadəsində olan çörəkbişirmə sexinin etibarlı qaz təchizatını təmin etmək və bununla da sahibkarlıq fəaliyyətinə mane olmamaq müqabilində ondan 2009-cu ilin may ayından dekabr ayına kimi cəmi 350 manat pulu rüşvət kimi alıb.
Allahverdiyev öz səlahiyyət imkanlarından istifadə edərək qeyd edilən çörəkbişirmə sexinin qazlaşdırılması ilə bağlı müvafiq vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etmək məqsədilə Zakir Şahnazarovdan 2009-cu ilin dekabr ayında 2400 manat pul alıb.
Allahverdiyevin Cinayət Məcəlləsinin 311.1 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2010-cu ildə 188 şəxs barəsində 104 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.