...

İordaniyada Azərbaycanlı yazıçının kitabı nəşr olunub (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2011 17:26 (UTC +04:00)
İordaniyada Azərbaycanlı yazıçının kitabı nəşr olunub. Trend-in Azəraycanın İordaniyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 25-də Əmman şəhərində Azərbaycan və Rusiya Yazıçılar İttifaqlarının, habelə Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Elvira Araslının İordaniya haqqında yazdığı "İordaniya - lyubov moya" adlı yeni kitabının təqdimat mərasimi keçirilib.
İordaniyada Azərbaycanlı yazıçının kitabı nəşr olunub (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

İordaniyada Azərbaycanlı yazıçının kitabı nəşr olunub. Trend-in Azəraycanın İordaniyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 25-də Əmman şəhərində Azərbaycan və Rusiya Yazıçılar İttifaqlarının, habelə Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Elvira Araslının İordaniya haqqında yazdığı "İordaniya - lyubov moya" adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

İordaniya Mədəniyyət Nazirinin müavini Cireys Səmavinin himayəsi altında təşkil edilmiş mərasim səfirliyin binasında baş tutub və tədbirdə 100-dən çox yerli və xarici qonaq, o cümlədən C.Səmavi, İordaniya Yazıçılar İttifaqının nümayəndələri, İordaniyanın dövlət qurumlarının rəsmiləri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi və İdarə heyətinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və yüksək rütbəli əməkdaşları, Çeçen və Çərkəz icmalarının rəhbərləri, tanınmış iş adamları, elmi dairələrin, yerli ictimaiyyətin və ölkədə yaşayan həmyerlilərimizin nümayəndələri iştirak edib.

Səfirliyin mərasim keçirilən zallarında Elvira Araslının əl işləri, o cümlədən rəsm əsərləri, kollajları, təkəlduz üslubundakı əsərləri, bundan öncə işıq üzü görmüş və dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 10-dan çox kitabı nümayiş etdirilib.

Tədbiri səfirliyin I katibi Murtuzov açaraq iştirakçıları salamlayıb və təqdim olunan kitab və onun müəllifi haqda iştirakçıları məlumatlandırıb. Daha sonra müəllif belə bir kitabın yazılması haqda ideyanın yaranmasının tarixçəsi, kitabın ərsəyə gəlməsi üçün lazım olan dörd il ərzində İordaniyanı qarış-qarış gəzdiyini, təbii gözəlliklər və tarixi-mədəni-dini abidələrlə tanış olduğunu, yaşlı nəsil və bədəvi tayfalarının nümayəndələri ilə söhbətlər keçirərək İordaniya xalqı, adət-ənənələri haqda məlumat topladığını söyləyib. O, kitabının adını təsadüfi olaraq "İordaniya - lyubov moya" ("İordaniya - mənim sevgim") qoymadığını, bu adın onun İordaniyaya və onun dost xalqına münasibətdə keçirdiyi səmimi hisslərlə bağlı olduğunu vurğulayıb.

Daha sonra İordaniyanın mədəniyyət nazirinin müavini Səmavi, Gürcüstanın, Qazaxıstanın və Ukraynanın İordaniyadakı səfirləri çıxış edərək kitab və onun müəllifi haqda xoş sözlər söyləyib, kitabın digər xarici dillərə də tərcümə edilməsinin zəruriliyini qeyd ediblər. Çıxış edən Səmavi Azərbaycanın İordaniyadakı Səfirliyinin fəaliyyətini qeyd etməklə yanaşı belə bir kitabın işıq üzü görməsinin İordaniya-Azərbaycan münasibətləri prizmasından baxdıqda əvəzsiz olduğunu qeyd edib.

Daha sonra tədbir ziyafətlə və İordaniyada yaşayan həmyerlimiz İbrahimovanın arfada ifa etdiyi musiqi nömrələri ilə davam edib.

Tədbirdən öncə və sonra İordaniya KİV-lərində, o cümlədən televiziya kanallarında kitab və onun müəllifi, Azərbaycan-İordaniya münasibətləri haqda geniş məlumatlar yer alıb, tədbir yerli mətbuat səhifələrində işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti