...

Azərbaycanda ceyranların tarixi ərazilərində məskunlaşdırılması davam etdiriləcək

Cəmiyyət Materials 7 Fevral 2011 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci ildə ceyranların tarixi ərazilərində məskunlaşdırılması davam etdiriləcək. Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, bu, "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində həyata keçiriləcək.

Onun sözlərinə görə, Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə ötən il dekabrın 4-də buraxılmış ilk ceyran sürüsünün hərəkətləri barədə peyk vasitəsilə gündə bir neçə dəfə məlumatlar alınır.

Məlumatlar ceyranların boyunlarına bağlanmış xüsusi siqnalötürücü xalta vasitəsilə ötürülür.

Peyk məlumatlarına əsasən, hazırda ceyran dəstəsinin I qrupu Güzdək qəsəbəsinin cənub-qərb, II qrupu isə Abşeron rayonunun Pirəkəşkül kəndinin qərb istiqamətində müşahidə olunur. Hərəkət istiqamətlərindən asılı olaraq, ceyranlar quru ot və su ilə təmin edilirlər.

Ceyranların olduqları əraziyə dövlət təbiət yasaqlığı statusunun verilməsi məsələsi müəyyən səbəblərdən ləngidiyindən, ərazidə mühafizə rejiminin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət qrup gündəlik olaraq fəaliyyətini davam etdirir.

Ərazidə fəaliyyət göstərən fermer və çobanlardan reintroduksiya olunan ceyranların həyatı üçün təhlükə törədə biləcək hər hansı fəaliyyətdən çəkinmələrinə dair iltizamlar alınıb, ərazidə maarifləndirici təbliğat lövhələri vurulub.

Xəbər lenti

Xəbər lenti