...

Mətbuat Şurasının sədri ATƏT nümayəndəsi ilə diffamasiya haqqında müzakirələr aparıb

Cəmiyyət Materials 20 Aprel 2011 19:37 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenterlə görüşüb. Trend-in Mətbuat Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şurada baş tutan görüşdə əsas müzakirə mövzusu MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə reallaşdırdığı layihə olub
Mətbuat Şurasının sədri ATƏT nümayəndəsi ilə diffamasiya haqqında müzakirələr aparıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenterlə görüşüb. Trend-in Mətbuat Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şurada baş tutan görüşdə əsas müzakirə mövzusu MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə reallaşdırdığı layihə olub.

Amaşov ötən il layihə çərçivəsində intensiv işlərin aparıldığını xatırladaraq bunun diffamasiya mühitinə hazırlıq baxımından əhəmiyyətli olduğunu önə çəkib. Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı görüləcək işlərin sürətləndirilməsinə ehtiyacın duyulduğunu deyən Şura sədri rəhbərlik etdiyi qurumun qanun layihəsi hazırladığını bildirib.

ATƏT-in Bakı ofisinin nümayəndəsi Karpenter diffamasiyaya dair məsələnin söz və mətbuat azadlığının dərinləşməsində vacib amil olduğunu önə çəkərək, təmsil etdiyi təşkilatın qarşıdakı birgə fəaliyyətə böyük önəm verdiyini vurğulayıb.

Müzakirələrdən sonra bu il aprelin 26-da və mayın 5-də diffamasiya ilə bağlı iki "dəyirmi masa"nın təşkili qərara alınıb. Tədbirlərdə məsələ ilə əlaqədar KİV-in, jurnalist birliklərinin təmsilçiləri və media ekspertlərinin iştirakı ilə geniş müzakirələrin aparılması məqbul sayılıb. Mayın 11-də isə Bakıda mövzuya dair ATƏT-in və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə beynəlxalq konfransın təşkili planlaşdırılıb ki, həmin toplantıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin, həmçinin xarici media ekspertlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.

ATƏT-in Bakı ofisi və Mətbuat Şurası 2011-ci ilin martından "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın təkmilləşdirilməsi və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsi ilə bağlı birgə layihə həyata keçirir. Ötən ilin sentyabrında layihənin birinci istiqaməti üzrə işlər tamamlanıb. Həmin vaxt Bakıda təşkil olunan beynəlxalq konfransda peşə davranışı qaydalarının yeni təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti