...

Azərbaycanda mədəni irs mövzusunda fotomüsabiqə keçirilir

Cəmiyyət Materials 21 Aprel 2011 16:09 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi aprel və may ayları ərzində 16-21 yaş arası olan gənclər üçün "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" mövzusunda fotomüsabiqəyə start verir.
Azərbaycanda mədəni irs mövzusunda fotomüsabiqə keçirilir

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyi aprel və may ayları ərzində 16-21 yaş arası olan gənclər üçün "Mədəni İrsimiz-Tarixi Dəyərimiz" mövzusunda fotomüsabiqəyə start verir. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Müsabiqəyə qatılmaq üçün gənclər tərəfindən Azərbaycanın zəngin mədəni irsini, mənəvi-əxlaqi dəyərlərini, tarixi məkanlarını özündə əks etdirən fotoşəkillər qəbul olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin, dəyərlərinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, gənclərdə Vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bununla yanaşı, Avropa Şurasının təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin Azərbaycan Respublikasında da baş tutması əsas amillərdən biridir.

Bu müsabiqə eyni zamanda Azərbaycanda "Turizm ili"nin elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində gerçəkləşdirilir.

Müsabiqənin nəticəsi olaraq 4 nəfər qalib pul ilə mükafatlandırılacaq.

I yer - 300 manat, II yer - 200 manat, III yer isə hər birinə 100 manat olmaq şərti ilə 2 nəfərə veriləcək.

Eyni zamanda, qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən təsis edilən fəxri diplomlarla da təltif olunacaqlar. Qalib gəlmiş fotoşəkillər "Beynəlxalq Mədəni İrs Fotoqrafiya Təcrübəsi" layhəsinin ümumi kataloqunda nəşr olunacaq.

Müsabiqənin hər bir iştirakçısı fotoşəklin adının qeyd olunması şərti ilə yalnız 10 şəkil (cd ya dvd formatında) təqdim edə bilər. Fotoşəkillərlə yanaşı, müəllif haqqında informasiya (adı,soyadı, təvəllüd) və şəxsiyyət vəsiqənin surəti də əlavə edilməlidir.

Fotoşəkillər 3 may 2011-ci il tarixinədək Gənclər və İdman Nazirliyində (ünvan: Olimpiya küçəsi 4, nazirliyin inzibati binası, I mərtəbə, I otaq) qəbul olunur.

Xəbər lenti

Xəbər lenti