...

Adil Qəribov: Azərbaycan alternativ enerji mənbələrindən istifadə etməklə ildə 850 min ton mazuta qənaət edə bilər

Cəmiyyət Materials 1 İyun 2011 14:38 (UTC +04:00)
Azərbaycanda alternativ enerji mənbələrindən, əsasən də kiçik su elektrik stansiyalarının imkanlarından istifadə edilsə, bir il ərzində 850 min ton mazuta qənaət olunar.
Adil Qəribov: Azərbaycan alternativ enerji mənbələrindən istifadə etməklə ildə 850 min ton mazuta qənaət edə bilər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda alternativ enerji mənbələrindən, əsasən də kiçik su elektrik stansiyalarının imkanlarından istifadə edilsə, bir il ərzində 850 min ton mazuta qənaət olunar. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivləri" mövzusunda keçirilən respublika konfransında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, Azərbaycanın illik külək enerjisi ehtiyatı 800 meqavatdır.

"Abşeron regionunda küləyin sənaye məqsədləri üçün istifadəsinə böyük imkanlar var. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Külək mühərriklərinin işləməsi üçün küləyin sürətinin ən azı saniyədə 3 metr olması lazımdır", - Qəribov əlavə edib.

O qeyd edib ki, artıq Azərbaycanda 3 külək mühərriki quraşdırılıb. Bununla yanaşı, ilk Günəş enerjisi çeviricilərinin tikintisinə də başlanılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin şöbə müdiri Nazim Məmmədov isə deyib ki, külək enerjisinə nisbətən Günəş enerjisi daha böyük sərmayə tələb edir.

Məmmədov Abşeronda həm külək, həm də Günəş enerjisinin istehsalı üçün imkanlar olduğunu deyib.

Agentliyin şöbə müdiri onu da əlavə edib ki, hazırda Azərbaycanda Günəş panellərinin istifadəsi üçün zavod tikilir.

Bu müəssisədə Almaniya keyfiyyət lisenziyası əsasında məhsul istehsal ediləcək. Həmin məhsulun yalnız Azərbaycan deyil, Avropa bazarlarına da çıxarılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti