...

Allahşükür Paşazadə Azərbaycanda dini qurumlar arasında münasibətləri qiymətləndirib

Cəmiyyət Materials 21 İyun 2011 11:50 (UTC +04:00)
Azərbaycanda müxtəlif dini qurumlar arasında normal münasibətlər yaranıb.
Allahşükür Paşazadə Azərbaycanda dini qurumlar arasında münasibətləri qiymətləndirib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müxtəlif dini qurumlar arasında normal münasibətlər yaranıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 10 illiyinə həsr olunmuş "dəyirmi masa"da çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu gün dindarlar Allaha və ölkənin qanunalarına arxalanırlar. Qanunların icrasını həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyəti müxtəlif dini qurumlar arasında xoş münasibətlərin qurulmasına səbəb olub", - Paşazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsinin, inkişaf etməsinin təməlini ümummilli lider Heydər Əliyev qoyub.

"İnanıram ki, Azərbaycan Allahın yardımı ilə növbəti qələbələri qazanacaq, ölkəyə qarşı təcavüzün qarşısını alacaq", - şeyxülislam bildirib.

DQİDK sədri Hidayət Orucov tədbirin açılışında ötən 10 ildə Komitənin həyata keçirdiyi işlər barədə məlumat verib. Sədr, həmçinin hazırda mövcud olan problemləri də vurğulayıb.

Orucov bildirib ki, hazırda zərərli dini meyillərin qarşısının alınması, dinlə əlaqəsi olmayan, amma dindən danışanların, müəyyən siyasi məqsədlərə xidmət edənlərin özlərini din xadimi kimi göstərməsi problemi mövcuddur və bu problemlərin tamamilə aradan qaldırılması üçün gələcəkdə Komitə tərəfindən işlər aparılacaq.

"Əsas məqsədimiz dini qurumların problemlərini həll etməkdir, mütəmadi onların problemləri ilə maraqlanmaqdır. Bu istiqamətdə mütəmadi iş aparılır", - Orucov əlavə edib.

Xəbər lenti

Xəbər lenti