Azərbaycan, Bakı, 28 iyun /Trend/
Güclü Azərbaycan diasporu xarici ölkələrdə Azərbaycanın maraqlarının təminatçısıdır. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlılarının III Qurultayı ərəfəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.
Komitə sədri bildirib ki, müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycanın öz diasporu ilə sıx əməkdaşlığını labüd edir.
İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncama əsasən hazırlanmış "Tədbirlər Planı"na müvafiq olaraq baş tutacaq.
Dünya Azərbaycanlılarının III Qurultayında qarşıda duran vəzifələrin müəyyən olunacağını qeyd edən İbrahimov bildirib ki, Azərbaycan diasporunun daha da gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılarına öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün Azərbaycan dövləti bundan sonra da onlara qayğı göstərəcək.
"1993-cü ildə ulu öndərimizin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından və prezident seçilməsindən dərhal sonra etdiyi xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri, onları yaşadıqları ölkələrdə bir-birlərinin maraqlarını müdafiə etməyə, xalqımızın zəngin mədəniyyəti və incəsənətini, adət-ənənələrini yaşatmağa, tarixi Vətənlə bağlarını daha da möhkəmləndirməyə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etməyə çağırması Heydər Əliyevin uzaqgörənliyinin daha bir sübutudur", - İbrahimov deyib.
O qeyd edib ki, bu gün Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyada diasporların rolunun gücləndiyini düzgün qiymətləndirərək diaspor quruculuğu işinə xüsusi diqqət yetirir.
"2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi, dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması bu diqqətin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısının nəticəsidir ki, Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçərək gənc olmasına baxmayaraq, dünyada ən dinamik inkişaf edən diasporlardan birinə çevrilib", - o deyib.
İbrahimov bildirib ki, Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək.
Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvləri də Qurultaya qonaq qismində dəvət olunublar.
İbrahimov qeyd edib ki, Diasporla Iş üzrə Dövlət Komitəsində Dünya Azərbaycanlılarının III Qurultayının təşkili ilə bağlı tədbirlər planı hazırlanıb və işçi qrup yaradılıb. Artıq Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilib.
Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil olunublar.
Hazırda dünyanın müxtəlif ölkələrində, Azərbaycanın 410-dan çox diaspor təşkilatı fəaliyyət göstərir.