...

Vergi Apellyasiya Şurası "Azərbaycan Kredit Bankı"-nın şikayətini təmin etməyib

Cəmiyyət Materials 2 İyul 2011 11:42 (UTC +04:00)
Vergi Apellyasiya Şurası "Azərbaycan Kredit Bankı"-nın şikayətini təmin etməmişdir.
Vergi Apellyasiya Şurası "Azərbaycan Kredit Bankı"-nın şikayətini təmin etməyib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Vergi Apellyasiya Şurası "Azərbaycan Kredit Bankı"-nın şikayətini təmin etməmişdir.

Vergi Apellyasiya Şurası iyunun 21-də vergi ödəyicisi kimi Xüsusi Rejimli Vergi Xidməti Departamentində qeydiyyatda olan "Azərbaycan Kredit Bankı" Açıq Səhmdar Cəmiyyətinin mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsindən dividend kimi ödəmə mənbəyində vergi tutulması barədə şikayətinə baxmışdır. Bu barədə T Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Müəyyən edilmişdir ki, cəmiyyətin 2009-cu ilin yekununa görə əldə edilmiş və nizamnamə kapitalının artırılmasına yönəldilmiş mənfəətindən ödəmə mənbəyində 122.457,60 manat məbləğində vergi tutularaq, onun bank hesabından silinmişdir.

"Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividendlərdən və faizlərdən gəlir vergisi tutulmur.

Lakin həmin Qanun 1 yanvar 2010-cu il tarixə kimi qüvvədə olduğundan və cəmiyyətin xalis mənfəətinin bir hissəsi müəssisənin nizamnamə kapitalının və səhmlərin nominal dəyərinin artırılmasına 2010-cu ildə yönəldildiyindən mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilən hissəsindən verginin tutulması qanunvericiliyin tələblərinə uyğundur.

Bundan başqa, cəmiyyətin nizamnamə kapitalının balans mənfəəti hesabına artırılması haqqında qərar şikayətçinin müraciətində göstərildiyi kimi 3 aprel 2009-cu il tarixdə deyil, səhmdarların 18 mart 2010-cu il tarixli növbədənkənar ümumi yığıncağında qəbul edilmiş, cəmiyyətin səhmlərinin emissiyası 27 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmışdır.

Beləliklə sübuta yetirilmişdir ki, cəmiyyətin xalis mənfəətinin bir hissəsinin müəssisənin nizamnamə kapitalının artırılmasına yönəldilməsi və səhmdarların səhmlərinin nominal dəyərinin artırılması 2010-cu ildə həyata keçirilmiş, nəticədə Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi öhdəliyi 2010-cu ildə yaranmışdır. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi ödənildiyi anda tutulur.

Qeyd olunanları nəzərə alaraq Vergi Apellyasiya Şurası "Azərbaycan Kredit Bankı" ASC-nin şikayətini təmin etməmişdir.

Xəbər lenti

Xəbər lenti