...

Azərbaycan Tibb Universitetində təyinat ləğv edildi

Cəmiyyət Materials 21 İyul 2011 16:17 (UTC +04:00)
Bu ildən Azərbaycan Tibb Universitetində (ATU) məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilib.
Azərbaycan Tibb Universitetində təyinat ləğv edildi

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən Azərbaycan Tibb Universitetində (ATU) məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilib. Bunu cümə axşamı Trend-ə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqədardır.

Bundan sonra rezidentura səviyyəsində hazırlıq keçmək iddiasında olmayan və rezidenturaya qəbul olmayan məzunlar baza ali tibb təhsili əsasında respublikanın müxtəlif bölgələrindəki tibb müəssisələrində həkim fəaliyyəti ilə məşğul ola bilərlər.

Tibb müəssisələrindəki vakant yerlər isə Səhiyyə Nazirliyinin mətbu orqanı olan "Tibb" qəzetində elan ediləcək.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.

Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib.

Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti