...

Qəbələ III Beynəlxalq musiqi festivalında xarici və yerli bəstəkarların əsərləri səsləndirilib

Cəmiyyət Materials 29 İyul 2011 10:55 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində daha üç konsert olub.
Qəbələ III Beynəlxalq musiqi festivalında xarici və yerli bəstəkarların əsərləri səsləndirilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində daha üç konsert olub.

Mədəniyyət və Turizm Nazirliyindən cümə günü Trend-ə bildiriblər ki, "Qafqaz Resorte" hotelində keçirilən konsertdə əvvəlcə Azərbaycan bəstəkarları Tofiq Quliyevin "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", Səid Rüstəmovun "Alagöz", "Sənindir", "Hardasan", Vasif Adıgözəlovun "Qərənfil", H.Rzayevin "Cahargah", Niyazinin "Arzu" və Ü.Hacıbəylinin əsərləri əsasında Fantaziya səsləndirilib.

Konsertdə xalq artisti, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev, əməkdar artist Kəmalə Neymanova (piano), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Ramil Qasımov (tenor), əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılova (soprano) çıxış ediblər.

Avropa bəstəkarları Y.Brams və S.Raxmaninovun əsərlərinin səsləndirildiyi digər konsertdə isə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Murad Adıgözəlzadə (piano), BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya (piano), İngiltərənin tanınmış Şubert Ansamblının yaradıcısı Saymon Blendis (violin), ABŞ-ın "Bayerischen Rundfunks" Simfonik Orkestrinin aparıcı ifaçısı Erik Tervilliger (horn), İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Cilin (violonçel) ifaları maraqla qarşılanıb.

Sonra isə hotelin qarşısındakı parkda, açıq səma altında Latviya Milli Simfonik Orkestrinin solisti Raymonds Ozolsun ifasında Avropa bəstəkarlarının 12 əsəri səsləndirilib.

Xəbər lenti

Xəbər lenti