...

Azərbaycan hokkeyçiləri Avropa çempionatının finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 30 İyul 2011 14:48 (UTC +04:00)
İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatı Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası üçün uğurlu oldu.
Azərbaycan hokkeyçiləri Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatı Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası üçün uğurlu oldu. Artıq yığmamız finaldadır və növbəti mövsümdən qitənin II divizionunda mübarizə aparmaq hüququ qazanıb.

Azərbaycan Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, iyulun 29-da "A" qrupunun qalibi olan həmyerlilərimiz digər qrupun 2-cisi - Cəbəllütariq hokkeyçiləri ilə pley-off matçında qarşılaşıblar. Fasiləyədək 2:0 hesabı ilə irəlidə olan millilərimiz prinsipial yarımfinal görüşünün ikinci yarısında da rəqibindən üstün oyun nümayiş etdirərək yekunda 4:2 hesablı qələbə qazanıblar. Digər yarımfinal cütündə italiyalılar İsveçrə təmsilçilərini 3:2 (3:0) hesabı ilə məğlub ediblər.

Beləliklə, Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası 2013-cü ildə iki ildən bir keçirilən Avropa çempionatının 2-ci səkkizliyində yarışacaq. Bu axşam - Bakı vaxtı ilə saat 23:30 dəqiqədə finalda İtaliya yığması ilə oyun rəmzi xarakterdən başqa heç bir prinsipiallıq daşımır. Həmyerlilərimiz kimi Avropanın ən güclü 16 kollektivi sırasına çıxan İtaliya hokkeyçiləri ilkin qrup mərhələsində millimizlə birgə "A" qrupunda çıxış edirdi və bu rəqiblərin qrup oyununda hər iki tərəfi qane edən 2:2 hesabı qeydə alınmışdı.

Xəbər lenti

Xəbər lenti