...

Azərbaycanın futbol klubu AFFA-nın İntizam Komitəsini məhkəməyə verə bilər

Cəmiyyət Materials 22 Avqust 2011 12:45 (UTC +04:00)
"İnter" futbol klubunun prezidenti Qeorqi Nikolov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınıın (AFFA) İntizam Komitəsini məhkəməyə verə bilər.
Azərbaycanın futbol klubu AFFA-nın İntizam Komitəsini məhkəməyə verə bilər

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir M.Əliyev/

"İnter" futbol klubunun prezidenti Qeorqi Nikolov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınıın (AFFA) İntizam Komitəsini məhkəməyə verə bilər.

"Bakı" klubu ilə görüş zamanı mən komandanı meydandan çıxaranda, bizə qarşı cərimələrin olacağını göz altına almışdım. Lakin İntizam Komitəsini xəbərdar etmək istəyirəm ki, istənilən ədalətsiz qərarı mülki məhkəməyə çıxaracağam", - Nikolov Trend-ə deyib.

Azərbaycan Premyer Liqasının III turunda "Şəfa" stadionunda keçirilən "İnter" - "Bakı" görüşünün son dəqiqələrində oyunun baş hakimi Ramil Diniyev "İnter"in qapıçısı Georgi Lomayaya qırmızı vərəqə göstərməklə yanaşı, onun qoruduğu qapıya penalti təyin edib. Hakimin qərarına etiraz əlaməti olaraq "İnter" futbolçuları meydanı tərk ediblər.

AFFA-nın İntizam Komitəsi tərəfindən "İnter" klubuna 10 min manat cərimə və texniki məğlubiyyət verilməsi gözlənilir.

"İnter" prezidentinin sözlərinə görə, çempionatın əsasnaməsində bu kimi addımlara görə texniki məğlubiyyət verilir və bu, qəbul olunandır.

"Lakin çempionatın əsasnaməsi və keçirilmə qaydalarına zidd olan hər hansı qərar məhkəmədə aydınlaşdırılacaq. Komanda mənim qərarımla meydançanı tərk edib. Qoy məni cəzalandırsınlar, oyunları seyr etməyə buraxmasınlar. Amma komandanın, baş məşqçinin burada günahı yoxdur - onlara qarşı hər hansı sanksiyanın qoyulmasına ehtiyac yoxdur", - Nikolov bildirib.

Klub prezidenti Premyer Liqanı tərk edəcəyi barədə yazılanların da şişirdilmiş məlumatlar olduğunu bildirib.

"Mən sadəcə olaraq baş verən hadisədən hiddətlənərək belə çempionatda iştirak etməyin mənasız olduğunu demişəm. Mən şəxsi fikrimlə klubu çempionatdan kənarlaşdıra bilmərəm. Futbol üzrə Azərbaycanda dövlət siyasəti mövcuddur", - o deyib.

Onun fikrincə, oyunun nəticəsi ləğv olunmalı, təkrar oyun keçirilməli, oyuna hakimlik edən şəxslər isə uşaq liqalarına göndərilməlidir.

Xəbər lenti

Xəbər lenti