Azərbaycan, Bakı, 28 avqust /Trend/
Azərbaycanın gənc boksçuları Avropa çempionatında 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar.
İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub.
Trend-in məlumatına görə, yarışın son günündə rinqə çıxan boksçularımızdan öncə Pərviz Bağırov (60 kq) qələbə qazanıb. Həmyerlimiz final qarşılaşmasında litvalı Edqaras Skurdlislə qarşılaşıb. Döyüşün birinci raundu 3:3 hesabı ilə başa çatıb. 3-cü hissədə üstünlüyü ələ alan Bağırov 11:8 hesabı ilə qalib gələrək, Avropa birinciliyinin qızıl medalına layiq görülüb.
75 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov komandamızın hesabına 2-ci qızıl medalı qazandırıb. Millimizin üzvü finalda Rusiya nümayəndəsi Maqomed Madiyevə 17:11 hesabı ilə qalib gəlib.
Son olaraq boksçularımızdan Heydər Heydərov (91+ kq) rinqə çıxıb. Heydərov rusiyalı Həsən Gimbatova uduzaraq, gümüş medalla kifayətlənib.
Komandamızın heyətində Coşğun Əliyev (64 kq) bürünc medala layiq görülüb. Yığmamız komanda hesabında yalnız Rusiyanı özündən irəli buraxaraq, 2-ci yeri tutub. İrlandiya 3-cü nəticə göstərib.