...

QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Cəmiyyət Materials 29 Avqust 2011 14:25 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
QMİ sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə bazar ertəsi Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

"Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını arzulayıram", - idarə rəhbərinin təbrikində bildirilir.

Paşazadə qeyd edib ki, on bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır. Bu ayda müsəlmanlara oruc tutmaq vacib buyurulub, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilib.

"Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə Allah-təalanın mərhəmətinə şükr edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlət rəhbərimiz zati-aliləri İlham Əliyev cənablarına dərin minnətdarlığımızı bildiririk", - təbrikdə deyilir.

Paşazadə qeyd edib ki, bu əziz gündə uca Allaha dualar edilir ki, Azərbaycan xalqını əmin-amanlığa, sabitliyə, milli birliyə, xeyir-bərəkətə yetirsin, ağır sınaqlardan hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun.

"Dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm ", - şeyxülislam bildirib.

Xəbər lenti

Xəbər lenti