...

Azərbaycanda uşaqlara cismani cəzaların verilməsini qadağan edən qanunun qəbul olunması təklif edilir

Cəmiyyət Materials 5 Sentyabr 2011 15:13 (UTC +04:00)
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu məqsədlə "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul olunması üçün Milli Məclisə müraciət edib.
Azərbaycanda uşaqlara cismani cəzaların verilməsini qadağan edən qanunun qəbul olunması təklif edilir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaqlara cismani cəzaların verilməsini qadağan edən qanunun qəbul olunması təklif edilir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu məqsədlə "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul olunması üçün Milli Məclisə müraciət edib.

Aparatdan bildirilib ki, Azərbaycan Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Konvensiyasına qoşulub.

Həmin Konvensiya ilə Azərbaycan üzərinə müəyyən öhdəliklər götürüb.

Ombudsman Milli Məclisə Konvensiyanın ratifikiya olunmasını təklif edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, uşaqlara cismani cəzaların verilməsini qadağan edən normalar "Təhsil haqqında" qanunda, Ailə Məcəlləsində yer alıb.

"Bununla bağlı bizim Komitəyə müraciətlər daxil olmayıb. Lakin tədris müəssisələrində uşaqlara qarşı cismani və mənəvi cəzaların tətbiq olunması halları var. Valideynlər qorxduqları üçün belə faktlarla bağlı müraciət etmirlər. Şikayət etmələri uşaqlarının qiymətinə təsir edə bilər deyə, belə riskə getmirlər", - şöbə müdiri deyib.

İbrahimova uşaqlara mənəvi cəzaların verilməsini qadağan edən konkret normaların qanunvericilikdə yer almadığını bildirib və qeyd edib ki, gələcəkdə bununla bağlı qanunların qəbulu mümkündür.

Onun sözlərinə görə, "Məişət zorakılığı haqqında" qanunda uşaqların ailədə zorakılığa məruz qalmasını qadağan edən normalar əks olunub. Bu zorakılıq tək cismani deyil, həm də mənəvi və iqtisadi formalarda başa düşülür.

Böyük Britaniyanın təhsil naziri Maykl Qouv bəyan edib ki, bu yaxınlarda Londonda baş vermiş qarışıqlıqlarla əlaqədar məktəbdə tərbiyə metodlarına, xüsusilə, bədən cəzası ilə bağlı üsullara yenidən baxılmalıdır. Britaniyanın dövlət məktəblərində son 25 ildə belə cəzalara qadağa qoyulub.

Qouv belə fikir irəli sürüb ki, pedaqoqların bununla bağlı hesabat verməli olmaları cəzanın bütün effektini heçə endirə bilər. Nazir əvvəllər onu da məktəbdə cəzalandırdıqlarını, lakin onun buna görə təəssüflənmədiyini etiraf edib.

Xəbər lenti

Xəbər lenti