Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Azərbaycanda yeni qəbul olunacaq "Turizm haqqında" qanunda istirahət mərkəzləri üçün rüsum, vergi güzəştləri olmalıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bilidirib.
Komitə sədri hesab edir ki, həmçinin, infrastrukturun yaradılmasına güzəştli kreditlərin verilməsi, sahibkarların bu sahəyə həvəsləndirilməsi məsələləri yeni qanunda öz əksini tapmalıdır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı "Turizm haqqında" qanun layihəsi Nazirlər Kabinetində baxılaraq razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
Rəcəbli həmçinin qeyd edib ki, Azərbaycanda turizmin inkişafı üzrə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsinə çatdırılması, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək.