...

Oqtay Şirəliyev: ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının Bakıda keçirilməsi bütün üzv ölkələrə öz töhfəsini verəcək (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2011 12:37 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının Bakıda keçirilməsi yalnız Azərbaycana deyil, bütün üzv ölkələrə öz töhfəsini verəcək.
Oqtay Şirəliyev: ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının Bakıda keçirilməsi bütün üzv ölkələrə öz töhfəsini verəcək (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sessiyasının Bakıda keçirilməsi yalnız Azərbaycana deyil, bütün üzv ölkələrə öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu tədbirin açılış mərasimində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Şirəliyev bildirib ki, ÜST-nin 61-ci sessiyanın Bakıda keçirilməsi barədə təklifi Azərbaycan tərəfi irəli sürüb. Bu təklif barədə ÜST rəhbərliyi tərəfindən ötən il müsbət qərar qəbul olunub.

Onun sözlərinə görə, belə böyük tədbirin Bakıda keçirilməsini Azərbaycana göstərilən böyük hörmət kimi qiymətləndirmək lazımdır.

Nazir qeyd edib ki, bu sessiyada Avropa regionunda səhiyyə sahəsində problemlər müzakirə olunur və qərarlar qəbul ediləcək. Şirəliyev səhiyyə sahəsində aparılan bütün işlərin belə müzakirə və qərarlar sayəsində nizamlandığını da söyləyib.

Səhiyyə naziri sessiyanın sonunda qəbul olunacaq qərarların Azərbaycana da aid olacağını deyib.

Şirəliyev qeyd edib ki, tədbirə gələn qonaqların Azərbaycan səhiyyəsi ilə tanışlığı da nəzərdə tutulur.

"Onların xüsusi tanışlıq proqramı var. Onlar Azərbaycanın tibb müəssisələrini gəzəcəklər, öz təkliflərini verəcəklər. Azərbaycan səhiyyəsinin inkişafı, ölkəmizin bu sahədə gördüyü işlər bütün dövlətlərin marağındadır. Biz fikirləşirik ki, sessiya müddətində gələn qonaqlar bu barədə söhbət edib, ətraflı müzakirələr aparacaqlar. Biz də onların fikrini eşidəcəyik", - nazir bildirib.

Bu gün Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. Tədbirdə komitəyə üzv olan 53 ölkənin səhiyyə naziri və dövlət rəsmiləri iştirak edir. Tədbirdə ümumilikdə 350 nümayəndənin iştirakı gözlənilir.

Sessiyada 5 həyati vacib məsələ - yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİCS və antibiotiklərdən düzgün istifadə problemlərini milli və regional səviyyədə müzakirə olunacaq.

ÜST-nin Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakob Azərbaycan səhiyyəsinin inkişaf etdiyini nəzərə çatdırıb. O qeyd edib ki, səhiyyənin idarə edilməsində, xidmətlərin göstərilməsi istiqamətində işlər gücləndirilməlidir. Səhiyyə ilə bağlı mövcud problemlərin həllində yeni yollar axtarmaq lazım olduğunu nəzərə çatdıran komitə sədri Malyariya, Vərəm və SPİD-lə Mübarizə üzrə Qlobal Fond, eyni zamqanda Dünya Bankı ilə əməlkdaşlıq etdiklərini söyləyib.

Jakob komitəyə üzv ölkələrin bu tədbirdə iştirakını da xüsusi vurğulayıb.

Sessiya öş işini sentyabrın 15-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti