...

TQDK-nın test tapşırıqları kitablarının təkmilləşdirilmiş variantı nəşr olunub

Cəmiyyət Materials 12 Sentyabr 2011 14:41 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqları kitablarının təkmilləşdirilmiş variantını nəşr etdirib.
TQDK-nın test tapşırıqları kitablarının təkmilləşdirilmiş variantı nəşr olunub

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqları kitablarının təkmilləşdirilmiş variantını nəşr etdirib. Trend-in məlumatına görə, bazar ertəsi TQDK-da həmin kitabların təqdimatı keçirilib.

Təqdimat mərasimində Komissiya sədri Məleykə Abbaszadə bildirib ki, biliyin yoxlanılması və qiymətləndirilməsi sisteminin özəyini test tapşırıqları təşkil etdiyindən, onların hazırlanması, tərtibi metodikasının təkmilləşdirilməsi TQDK-nın daim diqqət mərkəzindədir.

"Vəsaitlər qüvvədə olan tədris proqramları və dərsliklər əsasında hazırlanıb və həm şagirdlər, həm də müəllimlər üçün praktiki əhəmiyyət kəsb edir. Şagirdlər testlərlə işləmək bacarıq və vərdişlərini, ümumiləşdirmə qabiliyyətini, məntiqi təfəkkürü inkişaf etdirəcək, vəsaitlər onları axtarışlar, təhlillər, müqayisələr aparmağa sövq edəcək, təfəkkürlərinin çevikləşməsinə, hafizələrinin möhkəmlənməsinə səbəb olacaq", - Abbasova vurğulayıb.

Abbaszadə abituriyentləri və valideynləri saxta kitablardan yayınmağa çağırıb. O qeyd edib ki, kitabların nəşr olunması üçün xüsusi sarı rəngə çalan vərəqlərdən istifadə olunub. Bundan əlavə, kitabın üz qabığı xüsusi gümüşü rəngli üzlüklərlə üzlənib ki, o üzlükləri Azərbaycanda yalnız bir nəşriyyat hazırlaya bilir.

"Test tapşırıqlarından istifadə edən kontingentin əksəriyyət hissəsinin uşaqlar və yeniyetmələr olduğu nəzərə alınıb və kitablat ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Üz qabığı metal təbəqəli laminasiya plyonkada, içərisi göz yormayan kağızdan olan bu kitablar nəfis tərtibatda nəşr olunub. Kitabda rənglər və kağız elə seçilib ki, istifadə zamanı sağlamlıq üçün narahatlıq yaratmasın", - TQDK sədri deyib.

Abbaszadə bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlardan olan abituriyentlər orijinal nəşrləri www.abiturient.az saytında internet vasitəsilə ödəniş etməklə 30 faiz güzəştlə ala bilərlər.

Xəbər lenti

Xəbər lenti