Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Ermənistanda yeni nüvə reaktorunun tikilməsinə müsbət cavab verə bilər. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın reaktorun tikilməsinə müsbət cavab verməsi üçün Ermənistan mütləq reaktorun fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi layihəsini hazırlayaraq Azərbaycana təqdim etməlidir. Bununla yanaşı, Ermənistan Azərbaycana reaktorun fəaliyyəti ilə bağlı bütün məsələlər barədə - yeni reaktorun istismarı zamanı suyun haradan götürüləcəyi, suyun necə təmizlənəcəyi, onu işlətdikdən sonra hansı temperaturda çaya qaytaracağını, fəaliyyətinin təhlükəsizliyinin necə təmin olunacağını bildirməli və Azərbaycanın daha bir neçə sualını cavablandırmalıdır.
Qəribov bildirib ki, yeni reaktor tikilməmişdən əvvəl mütləq onun ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılmalı və bu barədə hesabat ölkələrə təqdim edilməlidir.
Onun sözlərinə görə, reaktorun ətraf mühitə təsiri ilə bağlı aparılan qiymətləndirmənin nəticəsi Azərbaycana verilməyə və yaxud Azərbaycan onu qəbul etməyə də bilər. Ermənistan qiymətləndirmənin nəticələrini Azərbaycana təqdim etməməsini bu ölkə ilə müharibə şəraitində olması ilə izah edə bilər.
Ermənistan reaktorun fəaliyyətinin təşkili ilə bağlı müəyyən qaydalara riayət etmədikdə, Azərbaycanın qiymətləndirmənin nəticələrini qəbul etməməsi mümkündür.
"Beynəlxalq Atom Enerjisi Agentliyinin illik hesabat yığıncağında AMEA prezidenti Mahmud Kərimov da bildirib ki, Ermənistan iqtisadi baxımdan zəif ölkədir, onun 1000 meqavatlıq reaktorun saxlanılması üçün imkanı olmaya bilər. Buna görə də, bu məsələ beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır", - institut direktoru əlavə edib.
Ermənistan "Metsamor" atom elektrik stansiyasından güclü olacaq yeni AES tikməyi planlaşdırır. Layihənin təxminən 1 milyard dollara başa gələcəyi güman edilir.
"Metsamor" AES-in istismar müddəti 2010-cu ildə bitib. Amma Ermənistan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertləri ilə stansiyanın fəaliyyətinin 2016-sı ilə qədər davam etməsi barədə razılığa gəlib.