Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu ilin avqust ayında Bakıda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində baş vermiş ağır yol qəzası ilə bağlı başlanmış cinayət işi baxılması üçün gələn həftə məhkəməyə göndəriləcək.
Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir, bir həftəyə istintaq tamamlanacaq və baxılması üçün məhkəməyə göndəriləcək.
Avqustun 22-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və naməlum sürücünün idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.
Sonradan "Mercedes" markalı avtomaşın yolun kənarında dayanmış Bakı şəhər sakini Amil Kərimova məxsus "VAZ-21015" markalı avtomaşına dəyib.
"Mercedes" markalı avtomaşının isə mühərrik hissəsində yanğın baş verib.
Qəza zamanı "Hyundai XG 350" markalı avtomaşının sürücüsü Babək Nəbiyev hadisə yerində ölüb.
Qəzanı törədərək hadisə yerindən qaçmış 19 yaşlı Nicat Ruzigar oğlu Məmmədzadə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (263.2-ci) və yol nəqliyyat hadisəsi yerindən qaçma (264-ci) maddələri ilə cinayət işi başlanıb.