...

Azərbaycanda gənc ailələr üçün güzəştlər paketi hazırlanır

Cəmiyyət Materials 31 Oktyabr 2011 12:38 (UTC +04:00)
Azərbaycanda gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Milli Məclisə təkliflər hazırlanır.
Azərbaycanda gənc ailələr üçün güzəştlər paketi hazırlanır

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Milli Məclisə təkliflər hazırlanır.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bazar ertəsi Trend-ə bildirib ki, dünya ölkələrinin bu məsələ ilə bağlı ən qabaqcıl təcrübəsi öyrənilib təklif şəkilində Parlamentə təqdim ediləcək.

Muradov deyib ki, Avropa ölkələrinin müasir qanunvericiliyi araşdırılıb və Azərbaycan üçün uyğun olanın tətbiqi gözlənilir.

Onun sözlərinə görə, Skandinaviya ölkələrinin əksəriyyətində mövcud olan təcrübəyə görə, gənclərə ailə qurmaq və yaxud iş axtarmaq ərəfəsində dövlət tərəfindən bir neçə illik çox cüzi məbləğə kirayə ev verilir. "Bu həmin gəncin iş axtarmasına və digər işlərinə daxili problemlərin mane olmamasına səbəb olur. Müəyyən zamandan sonra həmin şəxs öz mənzil şəraitini düzəldə bilmirsə, dövlət onu şəraiti bir az aşağı olan evə köçürür və bu cür stimullaşdırır", - millət vəkili deyib.

Onun sözlərinə görə, araşdırılan digər təcrübəyə görə, dövlət tərəfindən gənc ailələrə müəyyən məbləğdə vəsait verilir ki, onlar da uzun müddətə faizsiz ödənilir.

Muradov bu məsələlərin Milli Məclisin büdcə müzakirəsi zamanı qaldırılacağını deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub. Dövlət Proqramının icrası üçün 2012-ci ilin dövlət büdcəsində 20,1 mln. manat maliyyə vəsaitinin ayrılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti