Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Cümə günü start götürən bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatının ilk yarış gününün yekunları açıqlanıb.
2001-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülük yarışında Leyla İbrahimova fəxri kürsünün ilk pilləsinə yüksəlib, Natalya Quliyeva ikinci, Zöhrə Ağamirova isə üçüncü olub. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
Alətsiz tapşırıqlarda birinci yeri yenə də Leyla İbrahimova tutub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq Zöhrə Ağamirova və Natalya Quliyeva olublar.
Leyla İbrahimova iplə hərəkətlərdə də bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Natalya Quliyeva ikinci, İlahə Məmmədova isə üçüncü yerə çıxıb.
Topla hərəkətlərdə Leyla İbrahimova hamıdan yaxşı çıxış edib. Zöhrə Ağamirova ikinci olub. Natalya Quliyeva isə ilk üçlüyü tamamlayıb.
İlk yarış gününün yekununa əsasən, 2002-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə ilk yeri Vəfa Həsənzadə tutub. İkinci və üçüncü yerləri müvafiq olaraq Ləman Hacıyeva və Darya Sorokina tutublar.
Gimnastların alətsiz çıxışlarında fəxri kürsünün ən yüksək pilləsinə Vəfa Həsənzadə yüksəlib. Darya Sorokina ikinci, Ləman Hacızadə isə üçüncü olub.
İplə tapşırıqlarda Darya Sorokina birinci yerə sahib çıxıb. Vəfa Həsənzadə ikinci yeri tutub, Ləman Hacızadə isə üçüncü yerlə kifayətlənib.
Topla çıxışlarda mükafatçılar sırasında Ləman Hacıyeva (1-ci yer), Vəfa Həsənzadə (ikinci yer) və Nigar Soltanova (3-cü yer) olublar.
Cümə günü Şağan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb. Yarışlarda beş yaş qrupuna (1996-1998, 1999-2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) bölünən 110 gimnast iştirak edir. Gimnastlar həm mütləq çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparırlar.
Yarışlarda "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və "Spartak", DİN İdman Cəmiyyəti və "Sərhədçi", "Zirvə", "Təhsil" və "Start"ın gimnastları ilə yanaşı, Gəncə, Sumqayıt və Xırdalan idmançıları da iştirak edirlər.