...

Fikrət Məmmədov: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı özünü notarial və qeydiyyat əməliyyatlarının sayının artmasında da göstərib

Cəmiyyət Materials 22 Noyabr 2011 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı özünü notarial və qeydiyyat əməliyyatlarının sayının artmasında da göstərib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ölkənin rəsmi mətbuatı sayılan "Azərbaycan" qəzetində nəşr olunan yazısında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

"Bu il notariat əməliyyatlarının sayı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artaraq 2,8 milyonu keçib, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı xeyli çoxalaraq 290 min təşkil edib, dövlət büdcəsinə 11,5 milyon manata yaxın vəsait köçürülüb", - nazir yazısında qeyd edib.

Məmmədovun fikrincə, bu il o baxımdan da əlamətdar olub ki, dünyanın qabaqcıl dövlətlərində geniş vüsət almış xüsusi notariat inistitutu inkişaf edib və artıq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və bir sıra rayonlarda xüsusi notarius fəaliyyət göstərir.

Nazir qeyd edib ki, Ədliyyə Nazirliyi ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının təmin olunmasında üzərinə düşən vəzifələrinin icrasına xüsusi diqqət yetirir və dövlət qeydiyyatına alınan QHT-lərin sayı ilbəil artır.

"Belə ki, bu ilin 10 ayı ərzində nazirlik tərəfindən 92 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 190-a yaxın mətbu nəşr uçota götürülüb. Bununla da ölkədə bu nəşrlərin sayı 4534-ə çatıb, qeyri-kommersiya hüquqi şəxslərin sayı 3598 olub. O cümlədən, QHT-lərin sayı 2700-ü ötüb", - Məmmədov bildirib.

Nazirin sözlərinə görə, təkcə bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin kollegiya iclaslarında 30 mühüm məsələyə baxılıb, ayrı-ayrı sahələrdə işin səmərəliliyinin artırılması üzrə 22 təşkilati əmr imzalanıb. Qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edən nazirlik tərəfindən bu il 240 normativ-hüquqi sənəd layihəsi hazırlanıb, 1352-si hüquqi ekspertizadan keçirilib, 700-dən çox normativ akt dövlət qeydiyyatına və ya uçotuna alınıb.

Məmmədov, həmçinin vurğulayıb ki, ölkənin qanunvericilik bazasının inkişafı nəzərə alınaraq ədliyyə işçiləri tərəfindən hüquqi maarifləndirmə məqsədilə mətbuatda, televiziya və radioda 1220-dən çox çıxışlar edilib, nazirlik tərəfindən aparılan milli qanunvericiliyin elektron mətbuat bazası (www.e-qanun.az) zəngilləşdirilərək sayta daxil edilmiş sənədlərin sayı 22 mindən çox olub.

Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür.

Xəbər lenti

Xəbər lenti