Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Noyabrın 23-dən Rusiyanın Soçi şəhərində Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyası başlayır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Assambleyanın rəsmi qonaqları sırasındadırlar.
Rusiya Milli Olimpiya Komitəsinin prezidenti A.Jukovun qonaqları rəsmi salamlamasından sonra Assambleya öz işinə start verəcək. Assambleya noyabr 24-dək davam edəcək.
Gənclər və idman naziri Azad Rəhimovun Soçiyə səfəri noyabrın 24-də başa çatacaq.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə noyabrın 25-də Moskva şəhərinə yola düşərək Rusiya Olimpiya Komitəsinin 100 illik yubileyinə həsr olunmuş gecədə iştirak edərək dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təbriklərini çatdıracaq.
Bununla yanaşı, Çingiz Hüseynzadə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkana da gedəcək. Səfər noyabrın 25-dək davam edəcək.