...

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddətləri və dövrlərinə dəyişiklik edilməyib

Cəmiyyət Materials 1 Dekabr 2011 18:06 (UTC +04:00)
Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni hazırlanmış qanun layihəsinə çağırış müddətləri və dövrləri dəyişiklik edilmədən daxil olunub.
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddətləri və dövrlərinə dəyişiklik edilməyib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni hazırlanmış qanun layihəsinə çağırış müddətləri və dövrləri dəyişiklik edilmədən daxil olunub.

Trend-in məlumatına görə, qanun layihəsində göstərilib ki, vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Azərbaycanda millət vəkilləri və bir sıra QHT nümayəndələri tərəfindən çağırışın ildə iki dəfə təşkil olunması təklif olunmuşdu.

Çağırış komissiyalarının tərkibinə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və nümayəndəsindən ibarət komissiyanın sədri, onun müavini, həmçinin müvafiq icra hakimiyyəti orqanının nümayəndəsindən və hərbi həkim komissiyasının sədrindən ibarət üzvlər daxildir.

Layihədə qeyd olunur ki, çağırış komissiyasının işində cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dəri-zöhrəvi, psixoloq iştirak etməlidirlər.

Həqiqi hərbi xidmətin başlanğıcı çağırışçının hərbi hissəyə göndərildikləri gün hesab olunur, sonu isə hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi ümumilikdə vətəndaşların hərbi qeydiyyatı, gənclərin hərbi xidmətə hazırlanması, həqiqi hərbi xidmətə çağırış, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə, hərbi xidmət, hərbi xidmətkeçmə, ehtiyatda xidmət fəsillərini özündə əks etdirir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsi cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə olunaraq parlamentin plenar iclasının müzakirəsinə təqdim olunub.

Qanun layihəsi mövcud "Hərbi xidmət keçmənin əsasları" və "Hərbi vəzifə haqqında" qanunların birləşməsini özündə ehtiva edir.

Xəbər lenti

Xəbər lenti