...

Məleykə Abbaszadə orta məktələrdə keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrindən narazıdır

Cəmiyyət Materials 28 Dekabr 2011 12:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktələrdə keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri ilə bağlı narazılığını bildirib.
Məleykə Abbaszadə orta məktələrdə keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrindən narazıdır

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktələrdə keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri ilə bağlı narazılığını bildirib.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə çərşənbə günü 2011-ci il üzrə tələbə qəbulunun yekunlarına həsr olunan tədbirdə deyib ki, attestat imtahanları attestasiya imtahanları hesab edilə bilər. Çünki orada müsabiqə yoxdur.

Abbaszadə bu imtahanların orta məktəblərdə 3 ildir keçirildiyini xatırladıb.

"Üç ildir ki, qəbul imtahanlarından əvvəl keçirilən attestat imtahanlarında 0-100 bal toplayan uşaqlara attestat verilir və bizə göndərilir. Bu il məzunların 20 faizi attestat ala bilməyib. Onlar sıfir baldan da aşağı olan mənfi bal toplayıblar. Mənfi bal nə deməkdir? Axı, onlar 11 il məktəbə gediblər", - Abbaszadə qeyd edib.

Onun fikrincə, attestat alan, amma qəbul imtahanlarında iştirak etməyənlər erkən yaşlarında ailə quran, əmək bazarına daxil olan gənclərdir.

"Bizim araşdırmalarımız 18 ildir ki, davam edir və biz görürük ki, hər ilin məzunları növbəti ildə sənəd verirlər və 10 il əzində onlar sənəd verməkdə davam edirlər. Nəticədə 10 il ərzində əvvəlki illərin məzunlarının 10 faizi qəbul olunur. Onda biz hesab edə bilərik ki, 10 il ərzində 2021-dək builki məzunların 10 faizi də təhsil ala biləcək. Bəs qalanları necə olacaq?", - Abbaszadə qeyd edib.

O deyib ki, bu məsələlərə yalnız TQDK deyl, müvafiq qurumlar da diqqət yetiriməlidirlər. Çünki yeni qəbul olunması gözlənilən Milli Təhsil Strategiyasında ölkədə ali təhsil almaq istəyənlərin sayının artırılması nəzərdə tutulur.

Abbaszadə əlavə edib ki, 2009 və 2010-cu ildə mərkəzləşdirilmiş imtahanlarla bağlı nöqsanların aradan qaldırılması üçün Təhsil Nazirliyinə təkliflər veriblər. Ancaq 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən TQDK-ya baza təqdim edilmədiyi üçün onlar bununla bağlı araşdırma aparmayıblar. Araşdırma yalnız imtahanın məzmunu ilə bağlı olub.

TQDK sədri bildirib ki, nöqsanların aradan qaldırılması üçün təkliflərin verilməsinə baxmayaraq, mərkəzləşdirilmiş imtahanın nəticələri dəyişməyib.

Xəbər lenti

Xəbər lenti