...

Azərbaycanda Kür-Araz boyunca yerləşən kənd və qəsəbələrdə 188 sutəmizləyici qurğu quraşdırılıb

Cəmiyyət Materials 9 Yanvar 2012 19:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində bazar ertəsi Azərbaycanın ərazisində quraşdırılan sutəmizləyici qurğuların vəziyyəti müzakirə olunub.
Azərbaycanda Kür-Araz boyunca yerləşən kənd və qəsəbələrdə 188 sutəmizləyici qurğu quraşdırılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyində bazar ertəsi Azərbaycanın ərazisində quraşdırılan sutəmizləyici qurğuların vəziyyəti müzakirə olunub.

Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, bu günə kimi 188 sutəmizləyici qurğu Kür-Araz boyunca yerləşən kənd və qəsəbələrdə quraşdırılıb.

"23 milyon manat vəsait hesabına başa gələn bu qurğular saniyədə 100 litr suyu təmizləyir, - Bağırov deyib. - Qurğular quraşdırılandan sonra bələdiyyələrə təhvil verilsə də, qısa müddətdə onların çoxu yararsız hala düşmüşdü".

O bildirib ki, sonradan hökumətin qərarına əsasən qurğuılara cavabdeh şəxslər təyin olundu və onlara müvafiq maaşlar verilir.

Müzakirələr zamanı "Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin sutəmizləyici qurğuların vəziyyəti ilə bağlı apardığı monitorinqin gedişinə dair açıqladığı hesabatın reallığı əks etdirmədiyi qeyd edilib. Nazirliyin Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlara nəzarət və təminat mərkəzinin direktor əvəzi Ramiq Əşrəfov bildirib ki, hesabatda göstərildiyi kimi, bəzi qurğuların işləməməsinə səbəb vətəndaşların ögey münasibəti, elektrik cərəyanının kifayət etməyən gücü, kanalda suyun yoxluğu ilə bağlı ola bilər.

O qeyd edib ki, 63 ədəd qurğunun su mənbəyi olan arx və kanallara su fasilələrlə verilir. 54 qurğunun elektrik enerjisi götürdüyü transformatorlarda gərginliyin normadan aşağı olduğu, işıq fasilələrlə verildiyi və gərginlik daim kəskin dəyişdiyi üçün nasoslar tez-tez sıradan çıxır, avadanlıqlar, şitdaxili stabilizatorlar yanır və idarəedici sistemlər pozulur. Əşrəfov bələdiyyələrlə bağlanan müvafiq müqaviləyə əsasən, bələdiyyələrin qurğuların qorunmasına görə cavabdehlik daşıdığını da diqqətə çatdırıb.

Tədbirdə "Mühit" Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əziz Azəri sutəmizləyici qurğularla bağlı apardığı monitorinqin yekunlaşmadığını və bu istiqamətdə gələcəkdə nazirliklə əməkdaşlığa hazır olduqlarını söyləyib.

Qarşılıqlı dialoq şəklində keçən müzakirədə yerlərdə ictimai qınağın, ekoloji maarifləndirmənin vacibliyi vurğulanıb, QHT-lərlə birlikdə bölgələrdə maarifləndirmə işinə start verməyin zəruriliyi diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti