Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Əliyev/
"Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın ictimaiyyətə çatdırılması ilə bağlı konfrans keçirilib.
Trend-in məlumatına görə, müzakirələrdə konfransın təşkilatçısı olan Azərbaycan Hüquqşunasları Konfederasiyasının sədri Əli Hüseynli bildirib ki, vətəndaş cəmiyyəti ilə birgə təqdimatın keçirilməsi Proqramın əsas mahiyyətindən biridir.
"Çünki huquqi münasibətlərin tənzimlənməsində vətəndaş cəmiyyətinin rolu böyükdür. Biz vətəndaş cəmiyyətinin nümayəndələrini proqramın icrası ilə bağlı fikir mübadiləsi aparamağa dəvət edirik", - o deyib.
Hüseynli proqramın deklarativ deyil, real nəticəsi olan sənəd olacağına əminliyini vurğulayəb.
Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov tədbirdə bildirib ki, bu prorqam "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, prorqamın əsas müddəaları Azərbaycan dövlətinin, xüsusilə də ölkə başçısının əsas prioritetlərindən biridir.
Əsgərov qeyd edib ki, Milli Fəaliyyət Proqramı 6 fəsildən ibarətdir, hüquqi münasibətlərin bütün aspektləri burada öz əksini tapıb. "Fəaliyyət proqramı çərçivəsində bu sahədə həyata keçiriləcək tədbirlərin sayının və tərkibinin genişləndirilməsi əsas məqsədlərdən biridir. Bu istiqamətdə dövlət orqanlarının da fəaliyyətinin intensivliyi çox önəmlidir", - o deyib.
Milli Məclsin deputatı Fazil Mustafa konfransda bildirib ki, Milli Fəaliyyət Proqramı Azərbaycanda son illərdə hazırlanmış ən ciddi sənədlərdən biridir. Millət vəkili deyib ki, eyni zamanda, Proqramın mütəmadi monitorinqi keçirilməlidir ki, onun icrasının səmərəliliyi təmin olunsun.