...

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin ilk təntənəli mərasimi başlayıb

Cəmiyyət Materials 25 Yanvar 2012 20:03 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin ilk təntənəli mərasimi başlayıb
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin ilk təntənəli mərasimi başlayıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ev sahibi olduğu "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda ilk təntənəli mərasimi başlayıb.

Trend-in məlumatına görə, "Buta Palace"da keçiriləcən ilk rəsmi tədbirdə Avropa Yayımları Birliyinin (EBU) nümayəndələri, xarici qonaqlar, dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edirlər.

Tədbirdə iştirak etmək üçün "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, tədbirlər və kommunikasiya rəhbəri Sietse Bakker, eləcə də müsabiqə ilə bağlı digər rəsmilər Bakıya gəliblər.

Mərasim zamanı "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi, yarımfinallarda iştirak edən ölkələr arasında püşkatma, loqo və şüarın prezentasiyasına həsr olunan tədbirlər keçiriləcək.

Tədbiri işıqlandırmaq üçün bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" kanalının reportyorları Azərbaycana gəliblər.

Mərasimlə bağlı Almaniya və Türkiyədən xüsusi işıq, səs və digər texniki avadanlıqlar gətirilib. Tədbirdə 3D Mapping şou həyata keçiriləcək. 270 dərəcəli görüntü isə bu mərasimə xüsusi effekt qatacaq. Məhz sözügedən şouda bu günə kimi Azərbaycanda tətbiq olunmayan texniki avadanlıqlardan istifadə olunacaq. Bu da mərasimin özünün və televiziya həllinin çox maraqlı olacağını deməyə imkan verir.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti