...

Azərbaycanda havanın temperaturu iqlim normasından 4 dərəcə aşağı ola bilər

Cəmiyyət Materials 27 Yanvar 2012 16:16 (UTC +04:00)
Hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.
Azərbaycanda havanın temperaturu iqlim normasından 4 dərəcə aşağı ola bilər

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Tağıyeva deyib ki, ümumiyyətlə, qışda yanvar və fevral ayları daha soyuq keçir. Amma builki yanvar ayını ötən illərlə müqayisədə elə də şaxtalı hesab etmək olmaz.

Coxillik meteoroloji müşahidələrə görə, son 115 il ərzində ən soyuq yanvar ayı 1972-ci ildə müşahidə edilib. Həmin il Bakıda havanın temperaturu çoxillik temperaturdan 4,8 dərəcə aşağı olub və yanvarın 23-də 9 dərəcə şaxta qeydə alınıb.

2008-ci ildə yanvarın 8-də isə Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Həmin ildə orta aylıq temperatur mənfi 3 dərəcə təşkil edib, Bakıda 44 sm hündürlüyündə qar örtüyü yaranıb. Həmin il Naxçıvanda 27 dərəcə şaxta qeydə alınıb.

2009-cu ildə də temperatur normadan aşağı olub, Bakıda havanın minimal temperaturu mənfi 3 dərəcə təşkil edib, 15 sm hündürlüyündə qar örtüyü yaranıb. 2010-cu ildə Bakıda minimal temperatur mənfi 3 dərəcə təşkil edib. Həmin ildə yanvarın 26-da Bakıda 9 sm hündürlüyündə qar örtüyü əmələ gəlib.

Covğunla bağlı gözlənilən xəbərdarlığın qüvvədə qaldığını deyən Tağıyevanın sözlərinə görə, hazırda Bakıda küləkdə nisbətən mülayimləşmə var. Bakı və Abşeron yarımadasında yağıntı hələlik zəif qar şəklindədir və intensiv deyil. Amma bu gün gecəyə doğru və sabah gün ərzində Bakı və Abşeron yarımadasında güclü küləyin əsməsi və qarın yağması ilə əlaqədar çovğun olacaq.

Ümumilikdə isə yağıntılı hava şəraiti yanvarın sonunadək fasilələrlə davam edəcək. Yanvarın 29-da günün ikinci yarısı, 30-da günün I yarısında yağıntılarda qısa fasilə gözlənilir.

Yanvarın 31-də yenidən havanın yağıntılı olacağı proqnozlaşdırılsa da, temperatur bir qədər yüksələcək. Fevralın ilk günlərində yenidən şaxtalı hava şəraiti gözlənilir.

Xəbər lenti

Xəbər lenti