Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Fevralın 4-də "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər keçiriləcək. Trend-in çərşənbə axşamı "Eurovision 2012" müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, seçimlər şənbə günü saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.
Kastinqlərin keçirilməsində məqsəd "Eurovision" müsabiqəsinin tanıtım videoçarxlarında çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.
İlk kastinqlər yanvarın 6-da keçirilib. Bu seçimlərdə 388 nəfər iştirak edib. Kastinqin meneceri Tahir Əliyev bildirib ki, yanvarın 6-dakı kastinqlərdə çoxsaylı şəxsin iştirakı böyük maraq doğurub. Kastinqlərə qatılmaq istəyən digər şəxslər fevralın 4-də keçirilən ikinci kastinqlərə gələ bilər.
Yanvarın 6-sı və fevralın 4-də kastinqlərdən uğurlu nəticə əldə edən iştirakçılar ikinci mərhələyə dəvət olunacaq.