...

Azərbaycanın Baş prokuroru və daxili işlər naziri Rafiq Tağının qətli ilə bağlı əməliyyat müşavirəsi keçiriblər

Cəmiyyət Materials 2 Fevral 2012 17:17 (UTC +04:00)
Azərbaycanın Baş prokuroru və daxili işlər naziri yazıçı-publisist Rafiq Tağıyevin qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçirib və istntaq-əməliyyat qrupunun hesabatını dinləyiblər.
Azərbaycanın Baş prokuroru və daxili işlər naziri Rafiq Tağının qətli ilə bağlı əməliyyat müşavirəsi keçiriblər

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Baş prokuroru və daxili işlər naziri yazıçı-publisist Rafiq Tağıyevin qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçirib və istntaq-əməliyyat qrupunun hesabatını dinləyiblər.

Trend cümə axşamı Baş Prokurorluq və DİN-in mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən bildirir ki, müşavirədə qeyd olunub ki, ötən müşavirədə qrupun qarşısında qoyulmuş vəzifələrin və tapşırıqların icrası tam təmin edilərək cinayət işi üzrə çoxsaylı müayinə, baxış, götürmə, eksperiment və s. istintaq-əməliyyat tədbirləri aparılıb, zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib.

Fakt üzrə Rafiq Tağıyevin həyat yoldaşı Nailə Tağıyeva onun hüquqi varisi qismində tanınaraq 2011-ci il dekabrın 16-da ifadəsi alınıb, eləcə də fərdi qaydada fəaliyyət göstərən nümayəndəsi vəkil Elçin Sadıqovun istintaq qarşısında qaldırdığı vəsatətlərə baxılaraq müvafiq prosessual qərarlar qəbul edilib.

İstintaqın hazırkı mərhələsində Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş Təcili Yardım Stansiyası həkimlərinin, müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkar edilməyib. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkmişin bədəninə bıçaqla yetirilən xəsarətlər olub. Rafiq
Tağıyevin cərrahiyyə əməliyyatı və aldığı müalicənin tibbi metodikaya uyğunluğuna dair suallar üzrə Məhkəmə-Tibbi Ekspertizanın tədqiqatları davam etdirilir.

Bununla bərabər, hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili də aparılıb. Müəyyən edilib ki, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi obyekt sahibləri arasında münaqişəli vəziyyətdən yaranmış fasilə və texniki nasazlıqlarla əlaqədardır.

Baş prokuror və daxili işlər naziri Rafiq Tağıyevin peşə və yaradıcılıq sahəsində fəaliyyətinin, şəxsiyyətini səciyyələndirən xüsusatların hərtərəfli təhlil olunması, cinayətin törədilməsi ilə bağlı irəli sürülən bütün fərziyyələrin ətraflı, intensiv və dəqiq yoxlanılması üçün əlavə tapşırıqlar veriblər. Eyni zamanda, istintaq-əməliyyat qrupunun diqqətini müsbət nəticələr verə biləcək bir sıra digər perspektivli fərziyyələrin araşdırılmasına yönəldiblər.

Cinayətin açılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ötən il noyabrın 19-da gecə 23:10-da təcili tibbi yardım xidməti tərəfindən 1950-ci il təvəllüdlü Tağıyev Rafiq Nəzir oğlu döş qəfəsinin və qarının çoxsaylı deşilmiş-kəsilmiş yaraları və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.

Xəstə dərhal əməliyyata götürülüb, zədələnmiş dalaq xaric edilib, diafraqma və digər yaralar cərrahi işlənərək tikilib. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib, o, palataya keçirilib.

Lakin noyabrın 23-də saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti