...

Tələbələrin ХVII Respublika fənn olimpiadası keçiriləcək

Cəmiyyət Materials 14 Fevral 2012 16:23 (UTC +04:00)
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə tələbələrin ХVII Respublika fənn olimpiadası keçiriləcək.
Tələbələrin ХVII Respublika fənn olimpiadası keçiriləcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə tələbələrin ХVII Respublika fənn olimpiadası keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, olimpiadanın keçirilməsi haqqında təhsil naziri Misir Mərdanov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev birgə əmr imzalayıblar.

Olimpiadanın keçirilməsində məqsəd respublika ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə marağını artırmaq, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələri aşkarlamaq və onlarda biliyə olan həvəsi stimullaşdırmaqdır.

Tələbələrin XVII Respublika fənn olimpiadası riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə bu ilin fevral-aprel aylarında keçiriləcək.

Olimpiadanın I turu fevral-mart aylarında ali təhsil müəssisələrində, II yekun turu isə aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti