Azərbaycan, Bakı, 24 fevral /Trend/
Deputat Novruz Aslanov fevralın 23-də İsmayıllı rayon mərkəzində yerləşən ofisində seçicilərin növbəti qəbulunu keçirib.
Deputatın Seçki Qərargahından Trend-ə verilən məlumata görə, millət vəkilinin qəbuluna gələn sakinlərin qaldırdığı məsələlər əsasən fərdi məişət problemləri, mavi yanacaq və sosial sahəni əhatə edib.
Bəzi məsələlər barədə deputat müvafiq hökumət strukturlarına müraciət edəcəyini bildirib. Bir neçə məsələ yerindəcə həll edilib.
Həmin gün Novruz Aslanovun tapşırığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Bizlan və Tircan kəndlərinin hər birində bir ailəyə fərdi yaşayış evində baş vermiş yanğınla əlaqədar müvafiq humanitar yardımlar edilib.
Məlumat üçün bildirək ki, bu il deputat hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, rayon sakinləri ilə 5 görüş keçirib, bir kütləvi tədbirdə iştirak edib. Bu il də belə görüşlərin rayonun bir neçə ucqar kəndində keçirilməsi nəzərdə tutulub. Belə səyyar görüşlərin əksəriyyəti rayon İcra Hakimiyyətinin başçısı və onun aparatının iştirakı ilə birgə keçirilir.