...

Azərbaycan Ermənistanda yeni tikiləcək atom reaktoru ilə bağlı ESPOO qarşısında iddia qaldırıb

Cəmiyyət Materials 28 Fevral 2012 15:25 (UTC +04:00)
Azərbaycan Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (ESPOO) katibliyi qarşısında Ermənistanın ölkə ərazisində yeni atom reaktorunun inşası ilə bağlı adıçəkilən konvensiyanın tələblərinə riayət etməməsi barədə iddia qaldırıb.
Azərbaycan Ermənistanda yeni tikiləcək atom reaktoru ilə bağlı ESPOO qarşısında iddia qaldırıb

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (ESPOO) katibliyi qarşısında Ermənistanın ölkə ərazisində yeni atom reaktorunun inşası ilə bağlı adıçəkilən konvensiyanın tələblərinə riayət etməməsi barədə iddia qaldırıb. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, martda Cenevredə ESPOO-nun İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Həmin iclasda Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia da müzakirə olunacaq.

Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru tikməyi planlaşdırdığını deyən Səttarzadə bildirib ki, Azərbaycan və Ermənistan ESPOO-nun üzvüdür. Buna görə də Ermənistan qonşu ölkələrə ətraf mühitə təsir ehtimalı ola bilən hər hansı fəaliyyət barədə məlumat verməyə və həmin ölkələri ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinə cəlb etməyə borcludur.

"Yeni reaktorun inşası ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi Azərbaycan tərəfinə də təqdim olunmalıdır. Azərbaycan tərəfi də buna öz rəyini bildirməlidir. Ancaq təəssüf ki, Azərbaycan tərəfinin qanuna müvafiq şəkildə bütün prosedurlara əməl etməyinə baxmayaraq, Ermənistan tərəfi ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunu konvensiya çərçivəsində aparmayacağını deyib. Ona görə də Azərbaycan Ermənistanın həmin konvensiyanın tələblərinə riayət etməməsi barədə iddia qaldırıb", - nazirlik rəsmisi əlavə edib.

O qeyd edib ki, Azərbaycanın bu iddiasına cavab olaraq, Ermənistan da ESPOO-nun katibliyi qarşısında Azərbaycanda həyata keçirilən iri neft layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesində iştirak etməməsi barədə iddia qaldırıb.

Bu iddianı tamamilə əsassız sayan Səttarzadə deyib ki, bu layihələrin Ermənistanın ətraf mühitinə heç bir təsiri yoxdur. Çünki neft layihələrinin əksəriyyəti Xəzər dənizində, o cümlədən Abşeron yarımadasında həyata keçirilir ki, bunun da Ermənistana heç bir mənfi təsiri yoxdur.

"Digər tərəfdən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də Ermənistan ərazisindən uzaqdadır. Bu kəmərlə daşınan neft dağılarsa, o, uzun bir məsafəyə axıb gedə bilməz. Bu, tamamilə məntiqsiz iddiadır", - nazirlik rəsmisi qeyd edib.

Səttarzadə onu da bildirib ki, Azərbaycan ESPOO Konvensiyasına 1999-cu ildə qoşulub. 1994-1996-cı illərdə isə həmin layihələrin həyata keçirilməsinə başlanılıb və ya onların ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi təsdiqlənib. Bu sənədlərlə də həmin layihələrin heç bir transsərhəd kontekstdə təsirinin olmadığı sübuta yetirilib.

Xəbər lenti

Xəbər lenti