...

Bakıda keçirilən reydlərdə qadın sürücülər şam yeməyinə kupondan tutmuş ətirə qədər mükafatlandırılıblar (FOTO)

Cəmiyyət Materials 9 Mart 2012 14:46 (UTC +04:00)
Bakı Yol Polisi 8 Mart bayramı münasibətilə keçirdiyi aksiya zamanı yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə gül dəstəsi verib, onları cəzalandırmayıb.
Bakıda keçirilən reydlərdə qadın sürücülər şam yeməyinə kupondan tutmuş ətirə qədər mükafatlandırılıblar (FOTO)

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi 8 Mart bayramı münasibətilə keçirdiyi aksiya zamanı yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə gül dəstəsi verib, onları cəzalandırmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bayram münasibətilə keçirilən reyd zamanı video kameralar vasitəsilə hərəkəti müşayiət olunan 101 qadın sürücü saxlanılıb və onlara gül təqdim olunub.

Həmin qadın sürücülərdən isə nümunəviliyinə görə, yeddisi restorana iki nəfərlik şam yeməyi kuponu, 7-si gözəllik salonuna kupon, 7-si yağdəyişmə mərkəzinə kupon, 7-si isə fransız ətiri ilə mükafatlandırılıb.

Həmin sürücülər avtomobili təmiz olduğu, idarə etdiyi avtomobilin dövlət nömrə nişanı göründüyü, təhlükəsizlik kəmərindən istifadə etdiyi, yolboyu hərəkət qaydalarına riayət etdiyi üçün mükafatlandırılıblar.

Bir xanım sürücüyə isə nümunəvi sürücü kimi həmin mükafatların hamısı təqdim olunub.

Əsədov bildirib ki, həmin xanım sürücü həm də yol hərəkəti qaydaları ilə bağlı polis əməkdaşlarının suallarını düzgün cavablandırdığı üçün bu mükafata layiq görülüb.

Bölmə rəisi deyib ki, reyd zamanı yol hərəkəti qaydası pozuntusu törətmiş 51 xanım sürücü saxlanılıb. Onların avtomobillərinin çirkli olduğu, sənədlərinin bəzilərində problem olduğu, təhlükəsizlik kəmərindən istifadə etmədiyi müəyyən olunub. Lakin qayda pozuntularına yol verən xanım sürücülər barəsində inzibati protokol tərtib olunmayıb, onlara gül təqdim olunub.

Reyd bayram günü saat 10-dan 19-dək fasilələrlə paytaxtın Şeyx Şamil küçəsi ilə İstiqlaliyyət küçəsinin, İstiqlaliyyət küçəsi ilə Azərbaycan küçəsinin kəsişmələrində, Azneft meydanında, Neftçilər prospekti ilə Rəsul Rza küçəsinin kəsişməsində, Azadlıq meydanında, Parlament prospekti ilə Mikayıl Müşfiq küçəsinin, Hüseyn Cavid prospekti ilə İnşaatçılar prospektinin, İnşaatçılar prospekti ilə Nəriman Nərimanov prospektinin kəsişmələrində keçirilib.

Əsədov belə bir tədbirin Novruz bayramında da keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti