Azərbaycan, Bakı, 14 mart / Trend müxbir İ.İsabalayeva/
Bu ilin yanvar-fevral aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 386,3 mln. manat vəsait yönəldilib.
Fondun İctimaiyyətlə əlaqə sektorundan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9 mln. manat və ya 31,2 faiz çoxdur. Hesabat dövründə pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32 faiz və ya 92,1 mln. manat artaraq 379,4 mln. manat təşkil edib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.
DSMF-nin digər xərcləri 5,3 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,4 mln. manat və ya 7,4 faiz çoxdur.
2012-ci ilin yanvar-fevral aylarında DSMF-nin gəlirləri 405,2 mln. manat olub. Bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 99,8 mln. manat və ya 32,7 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz və ya 20,8 mln. manat artaraq 176,5 mln. manat təşkil edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,9 faizi və ya 109,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,0 faiz və ya 11,7 mln. manat artıb, proqnoz isə 106,4 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 16,4 faiz artıb.
2012-ci ilin yanvar-fevral aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 67,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,5 faiz və ya 9,0 mln. manat artıb, proqnoz 99,8 faiz icra olunub.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 0,4 mln. manat təşkil edib.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
Cari ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 391,6 mln. manat olub.