...

Azərbaycanın bəzi çaylarında daşqın təhlükəsi gözlənilir

Cəmiyyət Materials 19 Aprel 2012 15:09 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın qərb rayonlarında gözlənilən yağışlarla əlaqədar Kiçik Qafqazın və Naxçıvan Muxtar Respublikasının çaylarında, eləcə də Balakən-Şəki bölgəsinin bəzi çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır.
Azərbaycanın bəzi çaylarında daşqın təhlükəsi gözlənilir

Azərbaycan, Bakı, 19 aprel /Trend müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanın qərb rayonlarında gözlənilən yağışlarla əlaqədar Kiçik Qafqazın və Naxçıvan Muxtar Respublikasının çaylarında, eləcə də Balakən-Şəki bölgəsinin bəzi çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yağışlar intensiv olarsa, həmin ərazilərdəki çaylarda hətta qısamüddətli daşqınlar da ola bilər.

Verdiyev bildirib ki, bu gün Kür çayının yuxarı hissəsində suyun səviyyəsi 4 sm azalsa da, çayın aşağı hissəsində 6-20 sm artıb. Bunu elə də təhlükəli artım saymayan baş hidroloqun sözlərinə görə, yaxın günlər ərzində gözlənilən yağışlarla əlaqədar Kür və Araz çaylarının yuxarı axınlarında səviyyənin artımı baş verə bilər. Bu gün Araz çayının aşağı, yəni Kürə tökülən hissəsində suyun səviyyəsi 5 sm artıb.

Ölkənin dağlıq ərazilərində çayların suyunun səviyyələrində aprelin 17 və 18-də artım müşahidə edilsə də, bu gündən artımın baş verməsi dayanıb. Quba-Xaçmaz bölgəsindəki Vəlvələçay, Qudyalçayda suyun səviyyəsi 1-7, Lənkəran-Astara bölgəsindəki çaylarda 10-24 sm enib.

Xəbər lenti

Xəbər lenti