...

Niderlanddakı "Gül paradında" Azərbaycan "Eurovision-2012" kompozisiyası ilə təmsil olunub (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2012 09:56 (UTC +04:00)
Niderlandda ənənəvi təşkil edilən məşhur "Gül paradı"nda Azərbaycan "Eurovision-2012" kompozisiyası ilə təmsil olunub.
Niderlanddakı "Gül paradında" Azərbaycan "Eurovision-2012" kompozisiyası ilə təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 25 aprel / Trend müxbir M.Əliyev/

Niderlandda ənənəvi təşkil edilən məşhur "Gül paradı"nda Azərbaycan "Eurovision-2012" kompozisiyası ilə təmsil olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Niderlanddakı səfirliyindən bildirilib.

Niderlandda ənənəvi olaraq milli bayram - Kraliça Günü ərəfəsində təşkil olunan, dünya və Avropanın ən aparıcı kütləvi informasiya vasitələri tərəfindən daim geniş işıqlandırılan "Gül paradı" bu il "Ünsiyyət" mövzusuna həsr olunmuşdu.

Paradın mövzusunu və may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində təşkil olunduğunu nəzərə alaraq, Heydər Əliyev Fondunun xüsusi dəstəyi və Niderlandda fəaliyyət göstərən "Azərbaycanın Holland Dostları Cəmiyyəti"nin təşkilatçılığı ilə yüksək zövqlə möhtəşəm şəkildə bəzədilmiş Azərbaycan kompozisiyası "Eurovision-2012" mahnı müsabiqəsinə həsr olunmuşdu.

Yüz minlərlə Niderland vətəndaşı ilə yanaşı, bu paradı canlı izləmək və müşayiət etmək üçün xarici ölkələrdən çoxsaylı turist qrupları və mətbuat nümayəndələri Hollandiyaya səfər etmişdilər.

Builki paradın açılış mərasimində çıxış etmək Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərova həvalə edilmişdi. Səfir bu paradın müxtəlif xalqlar və millətlərin, müxtəlif mədəniyyət və dinlərin və ümumilikdə sivilizasiyalararası dialoqa xüsusi tövhə verən tədbir olduğunu bildirdi. Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən ən aktiv dövlətlərdən biri olduğu vurğulanaraq, Azərbaycan hökumətinin bu önəmli hadisəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirildi.

Son illər Azərbaycanın müxtəlif beynəlxalq səviyyəli tədbirlərə xüsusi tövhə verən dövlətlər sırasına olduğu nəzərə çatdırılaraq, Azərbaycanın 4 aprelin 2012-ci il tarixində Niderland Venlo şəhərində keçirilən "Floriade-2012" Beynəlxalq sərgisində möhtəşəm pavilyonla təmsil olunduğu, bu gün "Gül paradı"nda gözəl kompozisiya nümayiş etdirdiyi və nəhayət cari ilin may ayında Bakıda "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi qeyd olundu. Adıçəkilən bu tədbirlərdə Azərbaycanın ən layiqli şəkildə təmsil olunması və layihələrin yüksək səviyyədə təşkil edilməsində Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın qayğısı xüsusilə vurğulandı. Bunların hamısının Azərbaycanın Avropa dəyərlərinə nə qədər yaxın və həmrəy olmasının bariz nümunəsi olduğu bildirildi.

Açılış mərasimində çıxış edənlər Azərbaycanın "Floriade-2012" ekspozisiyasındakı möhtəşəm pavilyonunu, "Gül paradı"ndakı yüksək zövqlə bəzədilmiş gözəl kompozisiyasını və nəhayət "Eurovision-2012" nailiyyətlərini xüsusi vurğulayaraq, bunların mədəniyyətlərarası dialoqa verilən əvəzsiz töhfə və digər dövlətlər üçün gözəl nümunə olduğunu bildirdilər.

"Eurovision" müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımov da parada qatılmışdı.

Xəbər lenti

Xəbər lenti