...

Azərbaycanda uşaqlara qarşı zorakılığın səbəbləri və aradan qaldırılması müzakirə olunub

Cəmiyyət Materials 30 Aprel 2012 13:52 (UTC +04:00)
Milli Məclisdə bazar ertəsi "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfrans keçirilib.
Azərbaycanda uşaqlara qarşı zorakılığın səbəbləri və aradan qaldırılması müzakirə olunub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə bazar ertəsi "Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması" adlı beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı ciddi işlər görülür, bu istiqamətdə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib.

Onun sözlərinə görə, hələ ötən il Avropa Şurası ilə birlikdə "Biz uşaqlara qarşı zorakılığa yox deyirik" adlı böyük tədbir keçirilib və uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlərin daha da sürətləndirilməsinə çağırış edilib.

Vitse-spiker vurğulayıb ki, Azərbaycanda həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar.

Konfransda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun "Uşaqlara qarşı zorakılıq" proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılır. "Çox sevindirici bir məqamdır ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin, valideynlərin, ailələrin qayğısı ilə əhatə olunub. Bir sözlə, uşaqlara qarşı diqqət-qayğı daim əsas məsələlərdən biri kimi gündəmdə olub", - o deyib.

Fətəliyeva həmçinin qeyd edib ki, bu gün bəzi səbəblərdən dünyada boşanmaların sayı artdıqca, uşaqlarla valideynlər arasında problemlər çoxaldıqca, uşaqlara qarşı zorakılıq halları da artır. Deputat deyib ki, mediada, elektron KİV-də yayımlanan bəzi proqramlar, verilişlər uşaqlar arasında zorakılıq hallarının çoxalmasına gətirib çıxarır. Onun sözlərinə görə, internet bəzi hallarda uşaqlar arasında zorakılıq hallarının çoxalmasına səbəb olur.

Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos konfransda çıxış edərək hər gün Avropada milyonlarla uşağın zorakılığa məruz qaldığını bildirib. O qeyd edib ki, uşaqlara qarşı zorakılıq həm silahlı münaqişələr zamanı, həm də müxtəlif istiqamətlərdə baş verir.

"Uşaqlara qarşı zorakılıq halları arasında daha çox rast gəlinən və ciddi narahatçılıq doğuranı uşaqların cinsi zorakılığa məruz qalması hallarıdır. Bu gün uşaqlara qarşı cinsi istismar daha çox özünü göstərir", - o vurğulayıb.

Yerokostopulos qeyd edib ki, zorakılığa qarşı mübarizə ilə bağlı regional və beynəlxalq sazişlərin olmasına baxmayaraq, bu hallar hələ də mövcuddur.

Xəbər lenti

Xəbər lenti