Azərbaycan, Bakı, 12 may / Trend/
Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nı təsdiqləyib. Komissiyadan Trend-ə verilən məlumata görə, ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. Bir sıra fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün TQDK tərəfindən buraxılış imtahanı keçirilir.
Buraxılış imtahanının məzmunu Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)"na uyğun olaraq TQDK tərəfindən müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası həmçinin TQDK tərəfindən müəyyən edilir.
Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət yazılarkən buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası müəyyən edilir. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası çıxarılır, ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur. Qiymətlər TQDK tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir.
Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu qaydaların 2.2-2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. Yəni onlar da buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə verəcəklər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında ən azı bir fəndən (ana dili və riyaziyyat fənləri istisna olmaqla) qeyri-kafi qiymət alan, bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şagirdlərin biliyi qeyri-kafi qiymət aldıqları fənn üzrə həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən qiymətləndirilir.
Eksternat qaydasında imtahana buraxılan şəxslərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik qiymətlər əvəzinə, xüsusi komissiyanın verdiyi qiymət götürülür.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran və buraxılış imtahanında ana dili və ya riyaziyyat fənlərinin biri üzrə qeyri-kafi qiymət alan və bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edən şagirdlər buraxılış imtahanını yalnız qeyri-kafi qiymət aldıqları fənn üzrə verirlər. Belə şagirdlərə yalnız qeyri-kafi qiymət aldıqları fənn üzrə 30 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 1 saat 15 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 45 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran və buraxılış imtahanında müxtəlif fənlərdən qeyri-kafi qiymət alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi üçün bu Qaydaların 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan qaydalar birgə tətbiq edilir.
Buraxılış və buraxılışdan əvvəlki siniflərdə fənn olimpiadalarının respublika turunda birinci yer tutduğuna, məktəblilərin dünya fənn olimpiadalarında, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışlarda iştirak etdiyinə, imtahanlar dövründə digər beynəlxalq səviyyəli idman və bilik yarışlarında iştirakına, səhhətinə, sağlamlıq vəziyyətinə, tədris dilinə, xüsusi təhsil müəssisələrində təhsil aldığına görə müvafiq qaydada buraxılış imtahanından azad edilmiş şagirdlərin bütün fənlər üzrə attestasiyası bu Qaydaların 1.5.2-ci bəndində (buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası müəyyən edilir.) nəzərdə tutulmuş qaydada aparılır.
Ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Ümumi orta təhsil səviyyəsində imtahana buraxılan şagirdlərə illik qeyri-kafi qiymət aldıqları imtahan aparılmayan fəndən (fənlərdən) yay tədris tapşırığı verilir. Belə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən onların yay tədris tapşırığını yerinə yetirməsindən sonra aparılır.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında qeyri-kafi qiymət alan şagirdlər həmin fəndən (fənlərdən) buraxılış imtahanını payızda verirlər.
Ümumi orta təhsil səviyyəsində üzrsüz səbəbdən buraxılış və payız imtahanlarında iştirak etməyən, yay tədris tapşırığından və ya payız imtahanının ən azı bir fənnindən qeyri-kafi qiymət alan ümumi orta təhsil səviyyəsinin buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara ümumi təhsil müəsissələrində oxumalarına dair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır. Belə şagirdlər sonradan ümumi orta təhsil səviyyəsini eksternat qaydasında başa vura bilərlər.
Ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində payız imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada sentyabrın 15-dək bu qaydalar əsasında keçirilir.
Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar.
Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan, buraxılış imtahanından ən azı bir fəndən qeyri-kafi qiymət alan, habelə üzrsüz səbəbdən imtahanda iştirak etməyən buraxılış sinif şagirdlərinə ümumi təhsil müəsissələrində oxumalarına dnair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır.
Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün TQDK tərəfindən Apelyasiya Komissiyası yaradılır.