Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/
Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar başlanmış cinayət işi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Trend-in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər", "İfadə azadlığı, jurnalist təhlükəsizliyi və yayım şəffaflığı" mövzularında keçirilən tədbirdə bu cinayət işinin istintaqı ilə bağlı sualı cavablandırarkən baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev deyib.
O bildirib ki, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar müraciəti Baş Prokurorluğa rəsmi olaraq martın 14-də daxil olub və həmin tarixdə Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməklə ərizədə göstərilən xüsusatların araşdırılması barədə konkret tapşırıqlar verilib.
Həmin fakta görə martın 15-də Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi həyatının toxunulmazlığının pozulması) maddəsi ilə cinayət işi başlanıb və işin istintaqı Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.
İsayev deyib ki, istintaqın ilk mərhələsində İsmayılova nümayəndəsinin iştirakı ilə dindirilərək zərərçəkmiş şəxs qismində tanınmaqla ona müvafiq hüquq və vəzifələri izah olunub.
"Lakin istintaqın ilk mərhələlərindən İsmayılova istintaqı hədəf seçib. Qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin aparılmasına baxmayaraq İsmayılova qeyri-səmimilik nümayiş etdirməklə əsassız bəyanatlarla çıxış edərək cinayət işinin istintaqı ətrafında ictimaiyyət arasında mənfi rəy yaratmağa cəhd edib", - o deyib.
İsayev İsmayılovanın həmin iddialarının tamamilə əsassız olduğunu bildirib və qeyd edib ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumat verilib.
Baş prokurorun köməkçi deyib ki, həmin məlumatlarda cinayət işinin istintaqının gedişatı ilə bağlı ictimaiyyətə istintaq sirri hesab olunmayan məlumatlar verilib və məlumatda hər hansı bir şəxsin şəxsi və ailə sirri hesab olunan informasiyalar əks etdirilməyib.
Baş Prokurorluq: Xədicə İsmayılova cinayət işinin istintaqı ətrafında ictimaiyyət arasında mənfi rəy yaratmağa cəhd edib
Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar başlanmış cinayət işi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
