...

Azərbaycan jurnalistləri iranlı müxbirin reportajına etiraz ediblər

Cəmiyyət Materials 24 May 2012 23:54 (UTC +04:00)
Özünü "Tekon" televiziya kanalının jurnalisti Bijən Samami kimi təqdim edən iranlı təhrikçinin mayın 24-də internet resurslarında yayımlanan qərəz dolu telereportajı "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində "Eurovision 2012" mahnı müsabiqəsini işıqlandıran azərbaycanlı jurnalistlərin hiddətinə səbəb olub.
Azərbaycan jurnalistləri iranlı müxbirin reportajına etiraz ediblər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Özünü "Tekon" televiziya kanalının jurnalisti Bijən Samami kimi təqdim edən iranlı təhrikçinin mayın 24-də internet resurslarında yayımlanan qərəz dolu telereportajı "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində "Eurovision 2012" mahnı müsabiqəsini işıqlandıran azərbaycanlı jurnalistlərin hiddətinə səbəb olub.

Trend-in məlumatına görə, Azərbaycanın aparıcı KİV-ləri buna etiraz edən bəyanat qəbul ediblər.

Bəyanatda qeyd olunub ki, əslində ona jurnalist də demək mümkün deyil.

"Reportajdan da göründüyü kimi, təlxək hərəkətləri ilə diqqəti cəlb etməyə çalışsa da, heç kim onu ciddi qəbul etmir. Öz ölkəsində bütün hüquq və azadlıqları boğulan təlxəyə, deyəsən, Azərbaycanda gördüyü azadlıq kifayət qədər artıqlıq edib. Bakıda şahidi olduğu inkişaf və tərəqqi, yeni tikilən binalar iranlı təlxəyin başını necə gicəlləndiribsə, bütün bunların müqabilində o, Azərbaycanda aclıq və müflisliyin hökm sürdüyünü deyir. Bu şeytansifət "insan" deyir ki, Azərbaycan məhv olmaq üzrədir. Bu, ən primitiv təxribatdan və qısqanclıqdan başqa bir şey deyil. "Eurovision" kimi möhtəşəm bir mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi fonunda isə bu qısqanclıq özünü həddən artıq büruzə verir. Təbii ki, bu baxımdan iranlı jurnalistdən də bundan artıq nə gözləmək olar ki?!" - bəyanatda bildirilir.

Bəyanatda daha sonra qeyd olunub: "Biz bu təlxəyin internetdə Bakı ilə bağlı daha bir reportajını da izlədik. Eynilə bu reportaj da yalan və iftira üzərində qurulub. O, müsahiblərinin dediklərini təhrif edir, özünə sərf edəcək fikirlər səsləndirir. Bütün bunlar isə sadəcə özü kimi bəsit düşüncəli auditoriya üçün nəzərdə tutulub. "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzindəki jurnalistlər də, "Eurovision 2012"-nin iştirakçıları da müsabiqənin yüksək səviyyədə keçirildiyini və Bakının necə gözəl şəhər olduğunu həm müsahibələrində, həm də şəxsi söhbətlərində dəfələrlə bildiriblər. Görünür, bundan sonra Azərbaycan belə qısqanclıqlara təbii yanaşmalıdır. Çünki Azərbaycan bir çox ölkənin bacara bilməyəcəyi bir uğurun astanasındadır. Cəmi 20 illik bir zaman kəsiyində bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, forum və konfranslar gənc olmağına baxmayaraq, ölkəmizin dünyadakı nüfuzunun sübutudur".

Bəyanatda qeyd olunub ki, Azərbaycan bir çox beynəlxalq layihələrə imza atmaqla regionda lider, dünyada söz, nüfuz sahibi olub. Təfəkkürü mağara adamının səviyyəsində olan iranlı jurnalist bunları yaxşı bilsə də, vicdanının səsinə xilaf çıxır.

Azərbaycanın aparıcı KİV-lərinin əməkdaşları əmindir ki, bu cür hərəkətlərlə nə "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi prosesinə, nə də Azərbaycanın artan beynəlxalq imicinə zərər gətirmək qeyri-mümkündür. Hər şey göz qabağındadır.

Qeyd edək ki, etiraz edən KİV-lər arasında Trend İnformasiya Agentliyi də var.

Xəbər lenti

Xəbər lenti