Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda bu gün çimərlik mövsümü başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən çimərlikdə mövsümün açılışı ilə bağlı tədbir keçirilib.
Tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, nazirliyin əlaqədar qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) inventarında olan müasir xilasetmə texnikaları nümayiş etdirilib. Daha sonra dənizdə şərti boğulan şəxslərin xilas olunması əməliyyatı keçirilib.
Tədbirdə qeyd olunub ki, xilasetmə heyətinin peşəkarlığının artırılması üçün nazirlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib, dalğıc-motorçu və sükançıların peşəkarlığının artırılması məqsədi ilə FHN Akademiyasında kurslar təşkil olunub.
Builki çimərlik mövsümündə Xidmət 42 xilasetmə məntəqəsi, dalğıc-axtarış qrupu və postu, 400-dən artıq şəxsi heyət, 200-dən çox xilasetmə texnikası və avadanlığı ilə iştirak edəcək.
Qeyd edək ki, FHN yaradılandan bu günədək suda boğulan 2635 nəfər xilas edilib. Qeyri-çimərliklərdə boğularaq dünyasını dəyişmiş 487 nəfərin isə cəsədi çıxarılaraq təhvil verilib.